Arktikada buzların sürətlə əriməsi Avropada kəskin istilərə səbəb olur

Son illərdə Avropada temperaturun kəskin artması Arktika və Qrenlandiya buz örtüyünün sürətlə əriməsi ilə əlaqələndirilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Britaniya okeanoloqlarından ibarət qrup Şimali Atlantikada dəniz suyunun duzluluğundakı dəyişiklikləri tədqiq edib.

Tədqiqatda 1979-cu ildən 2022-ci ilə qədər əldə edilmiş məlumatlardan istifadə olunub. Alimlər buzlaqlardakı suyu təhlil edərək, şirin suyun necə yayıldığını və bunun okeanların duzluluğuna necə təsir etdiyini öyrəniblər. Tədqiqatçılar ən isti və ən soyuq 10 dövrün təhlili əsasında Avropa üçün yay hava proqnozu hazırlayıblar və məlum olub ki, şirin suyun okean suyu ilə qarışması nəticəsində hava siklonlarında dəyişiklik meydana gəlir. Bu isə öz növbəsində isti havanın yaranmasına səbəb olur.

"Müəyyən edilmiş hadisələr zəncirinə əsaslanaraq, biz okean-atmosfer şəraitinin bu il Avropanın cənubunda qeyri-adi isti və quru yay üçün əlverişli olacağını gözləyirik" – deyə tədqiqatın müəllifi Marilena Oltmanns bildirib.