BMT: Qəzza zolağında 13 mindən çox uşaq həlak olub

BMT Qəzza zolağında öldürülən uşaqların sayını açıqlayıb.
APA xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel CBS TV telekanalına müsahibəsində bu barədə məlumat verib.

UNICEF rəhbərinin məlumatına əsasən, ötən ilin 7 oktyabrından indiyə qədər İsrail-HAMAS münaqişəsinin gərginləşməsi nəticəsində Qəzza zolağında yaşayan 13 mindən çox uşaq həlak olub.

Həmçinin qeyd olunub ki, əlavə minlərlə azyaşlı yaralanıb və ya binaların dağıntıları altında qalıb.

Xatırladaq ki, anklavın Səhiyyə Nazirliyi dünən yaydığı məlumata əsasən, İsrail ordusunun Qəzzada hərbi əməliyyatları nəticəsində həlak olan fələstinlilərin sayı 31 600 nəfəri keçib, 73 600 nəfərdən çox mülki şəxs isə yaralanıb.