Azərbaycan öz yoluna sadiqdir -ŞƏRH

Ermənistan kimi iki stulda oturmağa çalışmırıq

“NATO ilə əməkdaşlığımızın hazırkı formatı da Cənubi Qafqazda inam mühitinin yaradılmasına, sülh və təhlükəsizliyin təmin olunmasına imkan verir"


  NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib. Baş katib əlavə edib ki, bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək. Burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir: "Biz həmçinin hərbi təhsil məsələlərinə də önəm veririk. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək. Biz, eyni zamanda əməkdaşlığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm ki, bu, hər iki tərəf üçün faydalı olacaq". Y.Stoltenberq vurğulayıb ki, Azərbaycan NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkədir: "Azərbaycan tərəfdən artan qaz tədarükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb. Bu proses çoxsürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı alındı. Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacibdir. Azərbaycan tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə ölkənizin Avropa üçün enerji təminatçısı kimi rolunu artıracaq. Bu, həmçinin Azərbaycanın külək və günəş enerjisi vasitəsilə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində göstərdiyi səylərin tərkib hissəsidir. Bununla Azərbaycan böyük enerji keçidi edə bilər. Bu kontekstdə COP29-un Azərbaycanda keçirilməsi çox vacibdir. Azərbaycan bu ilin noyabrında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək”. 
  Rusiya NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi niyyəti onlara yaxşı məlumdur və necə deyərlər, bu, adi gözlə belə görünür”. Onun sözlərinə görə, “belə bir düşüncə var ki, NATO-nun hansısa yolla öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri çətin ki, Qafqaza sabitlik gətirə bilsin”. Rusiya liderinin mətbuat katibi onu da qeyd edib ki, belə təmaslar Cənubi Qafqaz dövlətlərinin “suveren hüququ”dur. O, prosesi diqqətlə müşahidə etdiklərini də vurğulayıb.

  Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana səfər etməsi, heç şübhəsiz ki, dünyanın bu ən nüfuzlu hərbi bloku ilə Azərbaycan arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Ekspertin sözlərinə görə, NATO-Azərbaycan əlaqələri onsuz da kifayət qədər dinamik və səmərəli olub: 
"Prezident İlham Əliyev ölkəmizin NATO ilə tərəfdaşlığının müsbət olduğunu və bu tərəfdaşlığın 30 ildən artıq davam edən uzun tarixə malik olduğunu vurğuladı. Alyansla aparılan dialoq və əməkdaşlığın bu gün də uğurla davam etdiyini diqqətə çatdırdı. Azərbaycanın hazırda NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. NATO-nun yüksəkrütbəli zabitlərinin bu proqram çərçivəsində Azərbaycana səfərləri artıq adi hala çevrilib. Azərbaycan həmçinin NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat-informasiya mübadiləsi həyata keçirir. Terrorçuluğa qarşı mübarizə üzrə Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək terrorçuluğa qarşı birgə mübarizə işinə böyük töhfə verir. Ölkəmizdə NATO-nun Beynəlxalq məktəbi də fəaliyyət göstərir. Azərbaycan vaxtilə NATO-nun sülhməramlı missiyasının tərkibində dünyanın ən qaynar nöqtələrində - Kosovoda  və Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında birbaşa iştirak edib. 2021-ci ilin yayında isə Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz bizim hərbi qulluqçularımız olub ki, bu da bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Azərbaycan bu gün orduda aparılan islahatları da məhz NATO standartları üzrə həyata keçirir. Bu prosesdə NATO-nun ən güclü üzv dövlətlərindən biri olan Türkiyə Azərbaycana fəal dəstək verir. Bu isə Azərbaycana öz müdafiə imkanlarını müasirləşdirməyə və peşəkar ordu quruculuğuna şərait yaradır. Bir sözlə, bu gün ölkəmiz NATO ilə bir neçə mühüm istiqamətdə sıx əməkdaşlıq edir. Bu kontekstdə baş katibin Bakıya səfəri NATO-Azərbaycan əməkdaşlığını daha da genişləndirməyə imkan verəcək".

  Analitikin fikrincə, Prezidentin Alyans rəhbəri ilə apardığı təkbətək və geniş tərkibdə görüşlər rəsmi Bakının NATO ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu göstərir: 
"Ölkəmiz Qoşulmama Hərəkatının prinsiplərindən çıxış edərək dünyanın bütün aparıcı güc mərkəzləri ilə bərabər münasibətlər saxlamağa və işgüzar əlaqələri davam etdirməyə üstünlük verir. Azərbaycanın Şimali Atlantika bloku ilə əməkdaşlıq münasibətlərini ən uğurlu, səmərəli münasibətlər sistemi hesab etmək olar. Biz KTMT-nın və Avrasiya İttifaqının üzvü ola-ola, NATO-ya və Avropa İttifaqına (Aİ) can atan Ermənistan kimi avantürist ölkələrdən fərqli olaraq eyni zamanda iki stulda oturmağa çalışmırıq. Öz yolumuz var. NATO ilə əməkdaşlığımızın hazırkı formatı da Cənubi Qafqazda inam mühitinin yaradılmasına, sülh və təhlükəsizliyin təmin olunmasına imkan verir".

İsmayıl Qocayev