Tez bir zamanda sülh sazişi imzalanmalıdır

Stoltenberq İrəvanda Paşinyana çağırış etdi

4 kənd qaytarılarsa, Azərbaycan-Ermənistan arasında konsensus əldə oluna bilər


NATO Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanı tez zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb. O bildirib ki, illərlə davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın dayanıqlı sülh əldə etmək fürsəti yaranıb: "Bu gün görüşümüzdə Cənubi Qafqazda stabilliyin vacibliyini müzakirə etdik. Biz daha təhlükəli dünya ilə üz-üzə qaldıqca, bu, Avro-Atlantikanın təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir". Baş katib Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün çox vacib olduğunu söyləyib. O qeyd edib ki, NATO aparılan danışıqlarda vasitəçi deyil, lakin razılaşmanı və uzunmüddətli sülhü dəstəkləyir. Paşinyan da vurğulayıb ki, rəsmi İrəvan beynəlxalq ictimaiyyətdən, o cümlədən NATO-dan Azərbaycan və Ermənistan arasında sülh prosesinə inamlı dəstək gözləyir.
 
 Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, sülhün yaxınlaşması ilə bağlı Azərbaycan tərəfindən də açıqlamalar var. Onun sözlərinə görə, xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri A.Mirzoyan, həmçinin Baş nazir Nikol Paşinyan da sülh imkanlarının olmasından danışırlar:
"Eyni zamanda Qərbdən, xüsusilə Avropa İttifaqı və ABŞ-dən təzyiqlər var. Rusiya tərəfi də sülhlə bağlı məsələlərdən söz açır. Ötən gün Bakıda keçirilən Qlobal Bakı Forumuna Böyük Britaniya Baş naziri Rişi Sunakın göndərdiyi təbrik məktubunda da tərəflər arasındakı sülhə xüsusi toxunuldu. Sunakın məktubunda açıq formada ilin sonuna, noyabr ayınadək Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanacağına ümid edildiyi vurğulanıb. Noyabr ayınadək sülh müqaviləsinin imzalanması mümkündür. Paşinyan erməni ictimaiyyətinə anklav olmayan 4 kəndin Azərbaycana qaytarılmasının əhəmiyyətini, zərurətini izah etməyə çalışır".

  Analitik vurğulayıb ki, əgər 4 kənd qaytarılarsa, Azərbaycan-Ermənistan arasında konsensus əldə oluna bilər: 
"Sərhədlərin delimitasiya və demarkasiyası prosesi sürətlənə, komissiyaların görüşləri intensivləşər. Tədricən yerdə qalan problemlər də həllini tapar. Zamanla Naxçıvandan Azərbaycana maneəsiz keçidlə bağlı problem də çözülər. Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq üçün maneə yoxdur. İrəvan ortaya iradə qoyarsa, rahat şəkildə sülh prosesi yekunlaşdırıla bilər".