"Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, iqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır:
"Onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. O cümlədən iqlim dəyişiklikləri Azərbaycanda da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürüb:
"2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35 faizini, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılıb. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaq. COP 29-un yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir”.