"Sapı özümüzdən olan baltalar": Məqsəd inqilab adı ilə təxribat yaratmaqdır

Azərbaycanda axtarışda olan İrana sığınmış “Hüseyniyyun” qruplaşmasının üzvləri Azərbaycan əleyhinə daha bir tədbir keçiriblər. Mərasimdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib. Tədbirdə çıxış edən qruplaşma üzvləri Əli Xameneinin Azərbaycanda şiəliyin gücləndirilməsi və Qərb dəyərlərinə qarşı çıxılması ilə bağlı tövsiyələrini xatırladıblar. Onlar Xomeyninin “İslam inqilabının ixracı” nəzəriyyəsinə sadiqliklərini ifadə ediblər. Bununla yanaşı, son vaxtlar Azərbaycanda həbs edilən İran casuslarını Xomeyni və Xameneinin “müridləri” adlandırıblar. Qeyd edək ki, son günlər İranda ölkəmiz əleyhinə ardıcıl tədbirlər keçirilir. 

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Sherg.az"a deyib ki, İran Ermənistanın maraqlarını müdafiə edir. 
Ekspert bildirib ki, hər dəfə Azərbaycan Ermənistanı dalana dirəyəndə bir qolundan Fransa, digər qolundan da İran yapışır və onu müdaifə edir: 
"Son günlərdə Qazaxın 7, Sədərək rayonunun da 1 kəndinin azad edilməsi gündəmdədir. İran ona görə aktiv təxribat planlarına start verib. Azərbaycan hər dəfə Ermənistandan torpaq azad edəndə İranın kürkünə birə düşür. Elə zənn edirlər ki, Azərbaycan böyüdükcə, problemlərdən qurtulduqca Təbrizə bir addım da yaxınlaşır. Onların da təsir rıçaqları terrorçular və terrorla hədələməkdir. Azərbaycanın torpaqlarını azad etməyə maneçilik törədən yalnız şeytan ola bilər. Çünki İslam dininə xas abidələr, müsəlmanların qeyrət rəmzi olan ərazilərin azad olunmasına narahat olan yalnız şər qüvvələr ola bilər.
Fransa ilə İran koordinasiya edilmiş, planlanmış, düşünülmüş addım atırlar. Erməni baş naziri Tavuş bölgəsinə səfər edərək kəndlərin azad edilməsini, əks halda müharibəyə tuş gələcəklərini deməsindən dərhal sonra İrana, Fransaya bağlı erməni terror təşkilatları aktivləşməyə başladı. Məlumdur ki, İranın apardığı siyasət həm bölgə dövlətlərinin, həm də dünyanın əminamanlığı üçün ciddi təhdid yaradır, sülhü pozur və İslam dəyərlərini məhvinə hesablanıb. Özünəməxsus ideoloji-siyasi xəttinin adını İslam qoyaraq əsl İslamı məhv etməklə əski Sasani imperiyasını bərpa etməyə cəhd edir. Heç şübhəsiz ki, Azərbaycana qarşı İrandan olan çıxışları birbaşa rəhbərlik özü panlayır və idarə edir. Məqsəd inqilab adı ilə təxribat yaratmaqdır. İran istənilən qonşu ölkənin güclənməsini özünə təhlükə hesab edir. Xain xoflu olar misalındakı kimi, hər dəfə ya Pakistan, ya Əfqanıstan, ya Azərbaycan ya da digər qonşuları ilə mütləq gərginlik yaşayır. İran rejimini quran Qərb səlibçiləri, ideoloqları bu dövlətin ancaq müsəlmanların maraqları əleyhinə fəaliyyət göstərəcəklərini qarşılarına məqsəd qoyublar".

Analitik vurğulayıb ki, məsələn, imamların, onların həyat yoldaşlarının adına terror dəstələri qurmaq və qadınların namusuna təcavüz etmək, digər müsəlman ölkələrdə terror və dağıdıcı işlər həyata keçirmək, əlbəttə o müqəddəs şəxslərin nüfuzunu təhqir etməkdir: 
"Bunun səbəbi ilə də insanlar dinə nifrət edir, Qərbdə İslamafobiya güclənir. İran bu cür terror və çirkin əməlləri ilə Qərbin əlinə oynayaraq onlara dəsrəvuz verir ki, dünyada İslamı sıxışdırıb aradan aparsınlar.
Hazrki İran rejimi nə qədər ki, var, heç zaman Azərbaycan ilə səmimi dost olub, ədalətli münasibət aparmayacaq. Azərbaycan gücləndikcə İran növbəti şər-böhtan, növbəti təxribata əl atacaq. İrana zəif Azərbaycan lazım idi. Ona görə Zəngilanda əsgərlərimizin qarşısını kəsmişdilər. Lakin Azərbaycan öz qüdrəti və rəhbərinin qətiyyəti sayəsində ayağına dolaşan zəncirləri qıraraq düşməni tarimar etdi. İran Azərbaycandan olan bir neçə xain və satılmış terrorçunu Azərbaycana qarşı danışdırmaqla, məhz inqilab niyyətləri olduğunu, İran rəhbərinin birbaşa müridlıri olduqlarını etiraf etmələri artıq sübut etdi ki, səfirliyə edilən terrorçu hücumunu da özləri təşkil edib, Azərbaycana mütəmadi olaraq narkotik ixracını da İran rəhbərliyi birbaşa əmr və göstərişlə həyata keçirir, hazırda da Azərbaycanda silsilə şəkilində agent şəbəkəsinin həbsinə görə narahat olublar.
Ölkəmizdə zaman - zaman İran agent şəbəkəsinə, İranın təsiri ilə İslamı təmsil edən simalara qarşı terror planlayan və ya həyata keçirən dəstələrə, şəxslərə qarşı əməliyyatlar keçirilir".

T.İrfan qeyd edib ki, İranın uzun illər Azərbaycanda qurduğu, Fransa kimi dövlətlərin də bilib şərait yaratdığı agent şəbəkəsi iflasa uğradıqca qəzəblənib öz iç üzlərini İrandakı xainlərin dili ilə açırlar: 
"O şəxslər Azərbaycana təhvil verilməsə Mahmudəli Çöhtəqanlını Azərbaycana dəvət etmək lazımdır, habelə onu kimi düşünən, danışan şəxsləri biz də ortaya çıxarıb balans yaratmalıyıq. Yoxsa İrandakı terrorçu dəstə Azərbaycan əleyhinə danışaraq bütün internet resurslarından istifadə edərək insanlarımızın beynini zəhərləyir və müəyyən meylli insanları özlərinə tərəf çəkərək terrora bulandırırlar. Hesab edirəm ki, Azərbaycan dövləti bununla bağlı ciddi iş görməlidir. İran ya o şəxsləri verməli, ya susdurmalıdır. Yaxud da Azərbaycan tərəfindən də şübhəsiz ki, sivil qaydada Güney Azərbaycan məsələsini, oradakı soydaşlarımızın problemlərini, İslam dinimizin İranda necə təhrif edilib, təhqir olunub məhv edilməsini, hələ həmin qaydaların Azərbaycana da narkotiklə birgə ixrac olunmasını tənqid edən blogerlərə şərait yaratmaq lazımdır. Bir sözlə İranın bu təxribatlarına, sapı özümüzdən olan baltalalarla bizə zərbə vurmaq cəhdlərinə adekvat cavab verilməlidir".