DTX-nin əməliyyatları İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vurub
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd planının qarşısı alınsa da, prosesin pərdəarxası məqamları aktual qalır. Hadisə üzdə icra başçısına sui-qəsd kimi görünür, lakin fərqli məqsədləri özündə ehtiva edir. Əksər ekspertlərə görə, sui-qəsd planının arxasındakı ölkə İrandır. Əslində, Tehran Azərbaycanla bağlı siyasətində korrektələr edib, daha doğrusu, buna məcbur olub. Bu günə qədər İran ölkəmizdəki bəzi şəxslər üzərindən daxildə sabitliyi pozmağa, dini ekstremizmi, radikallığı artırmağa çalışırdı. Lakin DTX-nin keçirdiyi ardıcıl əməliyyatlar fonunda Tehranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vuruldu.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, İranı Azərbaycan siyasətində korrektəyə məcbur edən məhz budur. Ekspertin sözlərinə görə, Tehran buna görə də “B” planını aktivləşdirib:
"Söhbət “talış kartı”ndan gedir. Məsələnin daha anlaşılan olması üçün deyim ki, bir müddət öncə İranın Rəşt şəhərində İslam Azad Universitetində “Talış-İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirildi. Konfransda əsas məruzəçi qismində çıxış edən şəxs Boris Talışinski idi. Bu şəxs özünü qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim edir. Hətta özünü “Ələkrəm Hümbətovun varisi” adlandırır. İndi isə qayıdaq sui-qəsd cəhdinə. Bu konfransdan qısa müddət sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd planı ifşa edildi. Bundan başqa regionda ingilis dili dərsi keçən xarici ölkə vətəndaşlarına qarşıda sui-qəsd cəhdinin qarşısı alındı. Sui-qəsd baş tutsaydı, ciddi rezonas doğurar və daxili sabitliyi pozardı. İran və onun dəstəklədiyi Boris Talışinski, habelə “talış muğan respublikası mühacir hökuməti” geniş şəkildə bundan istifadə edər, öz prestijlərini artırmağa çalışardı".
T.Rzayev əlavə edib ki, xoşbəxtlikdən DTX-nin operativ və yüksək dəqiqliklə keçirdiyi əməliyyatlar nəticəsində sui-qəsd baş tutmadı:
"Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu saxlanıldı. Həmin şəxsin Rusiyada yaşaması diqqət çəkir. Görünür, DTX-nin keçirdiyi ardıcıl əməliyyatlar fonunda Azərbaycandakı İran agenturasına düşündüyümüzdən də çox zərbə vurulub. Buna görə də məlum hadisə kimi cəhdlərə xarici ölkələrdə yaşayan azərbaycanlılar da cəlb edilir. Təəssüf ki, Tehran, Rusiya, Türkiyə, Mərkəzi Asiya, habelə Yaxın Şərq ölkələrindən ölkəmizə ekstremist ixracına başlayıb. Bütün bunlara baxmayaraq, İranın “talış kartı”ndan istifadə planının uğurlu olacağını düşünmürəm. Birincisi, talışlar Azərbaycan cəmiyyətinin bir parçasıdır və separatçı meyilləri yoxdur. Talışlar İkinci Qarabağ müharibəsi başda olmaqla, bir çox əməliyyatlarda aktiv iştirak edib və şəhidlər verib. Azərbaycançılıq şüuru talışlarda yüksək səviyyədədir. İkincisi, DTX və digər xüsusi xidmət orqanları operativ və peşəkarlıqla fəaliyyət göstərirlər. DTX-nin keçirdiyi son əməliyyat da daxil olmaqla görülən tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkədə iğtişaş törətmək, separatçı meyilləri yüksəltmək, habelə terror törətmək mümkünsüzdür. Üçüncüsü, pandemiya ilə əlaqədər ölkə sərhədləri bir müddətdir bağlıdır. Aydın məsələdir ki, pandemiya ilə paralel bu həm də ehtimal terror və bu qəbildən olan təhdidlərin qarşısını almağa hesablanıb. Hesab edirəm, ölkəmizə qarşı atılan destruktiv addımlar, habelə Rusiyada baş verən terakt fonunda sərhədlər bir müddət bağlı qalmalıdır. Belə olan halda İran kimi ölkələrin planları reallaşmayacaq".