Sülhməramlılarının minatəmizləmə işlərinə cəlb edilməsi prosesi sürətləndirə bilər -ANALİTİK

Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək.
Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım Günü münasibətilə keçirilən brifinqdə deyib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlaması zamanı bildirib ki, Rusiya sülhməramlılarının minatəmizləmə işlərinə cəlb edilməsi prosesi sürətləndirə bilər:

"Çünki bu gün nə qədər Rusiya və Ermənistan arasında diplomatik münasibətlərdə gərginlik yaransa da, heç kəsə sirr deyil ki, Ermənistanın həm dövlət olaraq varlığı, həm də bir çox məsələlərdə təhlükəsizliyi Moskvadan asılıdır. Əgər Rusiya minatəmizləmə əməliyyatlarına dəstək verməyə səmimi və maraqlı olacaqsa,  əlbəttə ki, onun prosesə cəlb olunması müəyyən effektiv nəticələr verə bilər. Rusiyanin minatəmizləmə əməliyyatlarına cəlb edilməsinin 2025-ci ildə Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxarılması məsələsinə gəldikdə isə bu, problem siyasi cəhətdən həll olunub. Geridə isə sadəcə fəsadların aradan qaldırılması dayanıb. Düşünürəm ki, problemlər həll edildikdən sonra Qarabağda heç bir sülhməramlı missiyaya ehtiyac qalmayacaq".

Yusif Mamedov