Beynəlxalq təşkilatların hələ də Ermənistana çağırış və təzyiqlərini görmürük
Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Bu ölkə hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir. Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur. Bu faciələrin hər biri Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.
Azərbaycanda mina qurbanlarının sayıisə hər il artır. Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə etinasız yanaşırlar. Dillərinin əzbəridi insan haqları, hüquq və azadlıqları, ədalət prinsipləri. Yeri gəldi-gəlmədi, bu ifadələrdən geninə-boluna istifadə edirlər. Real faktlara gələndə isə susurlar, yəni ölkəmizə qarşı ikili standartlar hələ də öz aktuallığını itirməyib.
Çox təəssüf ki, torpaqlarımızı işğalda saxladığı müddətdə Ermənistan, demək olar, ərazilərimizin hər qarışına mina döşəyib. Azərbaycanın çağırışlarına baxmayaraq, hələ də mina xəritələri verilməyib. Təqdim olunan bir neçə xəritə isə yanlışdı.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibədən sonra - Azərbaycanda mina hadisələrindən ölən şəxslərin 77 faizi mülki şəxslərdir. 2020-ci ilin 10 noyabrından ötən dövr ərzində 350 nəfər azad edilmiş ərazilərdə minaya düşüb, onlardan 65 nəfəri həyatını itirib, 285 nəfər xəsarət alıb. Son 1 ay ərzində isə 3 nəfər Tərtər və Ağdamda minaya düşüb, onlardan 2-si gəncdir - birinin 18, digərinin 29 yaşı var.
“Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın işğaldan azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla sıx şəkildə çirklənib”. Bunu 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Prezidentin köməkçisi əlavə edib ki, minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Ölənlər arasında mülki şəxslərlə yanaşı, uşaqlar da var”.
4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə keçirilən brifinqdə çıxış edən ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, mina çox ciddi problem, gözlə görünməyən düşməndir.
O bildirib ki, mina seçim etmir, mülki şəxs, o cümlədən qadın, uşaq tanımır, kortəbii şəkildə xəsarət yetirir, ya da öldürür: “Dünyanın 60-dan çox ölkəsi minadan əziyyət çəkib. Dünyada 110 milyondan çox mina basdırılıb. Azərbaycan da bu problemlə üzləşib".
V.Süleymanov vurğulayıb ki, 30 illik işğal dövründə Ermənistan torpaqlarımızda 1.5 milyon mina basdırıb. O bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə əməliyyatlarına başlanılıb: “Hazırda bu əməliyyatlar davam edir. Son 3 il ərzində böyük işlər görülüb, layihələr həyata keçirilir. Bizim soydaşlarımız artıq mərhələ-mərhələ öz torpaqlarına qayıdır”.
Qeyd edək ki, Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri və bu sahədə fəaliyyət göstərən QHT birgə bəyanat yayıb.
Bəyanatda beynəlxalq ictimaiyyət BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırılıb. Qeyd edilib ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır: “Azərbaycan Ermənistanın mina müharibəsindən əziyyət çəkir, mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla kəskin çirkləndirilib. Biz beynəlxalq ictimaiyyəti Ermənistanı mühakimə etməyə və Azərbaycana humanitar minatəmizləmə fəaliyyətində dəstək olmağa çağırırıq.
Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi məzarlıqların ətrafı minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayətdir.Bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını son dövrlərdəki mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət etmir”.
QHT nümayəndələri dünya ictimaiyyətinə üz tutaraq bu günü yaxınlaşdırmaq üçün Azərbaycana hərtərəfli dəstək olmağa, BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün ardıcıl fəaliyyətə çağırıblar.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq millət vəkili Çingiz Qənizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir:
“Bu gün Azərbaycan dövləti minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə daxili resursları hesabına aparır. Son vaxtlar qadınların da sıralarında yer aldığı, olduqca riskli sahəni əhatə edən, lakin çox şərəfli peşə olan minatəmizləmə işini aparan qəhrəmanları, fədakarları alqışlayırıq!2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır.
Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması, minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışsalar da, İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib.Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi mina terroru nəticəsində elə son iki gündə 4 mülki vətəndaş yaralanıb”.
Hüquq müdafiəçisnin sözlərinə görə, Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlara baş verən partlayışlar, insan itkiləri ilə bağlı məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur:
“Halbuki ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Regionda sülh və əmin-amanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların statistikası hər keçən gün bir az daha artardı. Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”.
“Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir. Bu, ekoloji fəsadların yaranmasına, flora və faunanın pozulmasına, torpaq sahələrinin qeyri-səmərəli istifadəsinə səbəb olur. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır”- deyə Ç.Qənizadə əlavə edib.
Siyasi təhlilçilər də Ermənistanın mina terroruna qarşı dünya birliyinin susqunluğunun başadüşülən olmadığını deyirlər. Politoloq Tural İsmayılovun sözlərinə görə, Ermənistan hələ də regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır. Onun sözlərinə görə, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib:
“Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Vətən müharibəsindən sonra da Ermənistanın mina terrorunu davam etdirməsi, günahsız insanların ölümünə yol açması onun öz terrorçu mahiyyətindən imtina etmədiyini, bu gün də terror dövləti kimi fəaliyyət göstərdiyini göstərir. Baş verən mina hadisələri göstərir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil və yenə də terror, təxribat yolu ilə məkrli niyyətini reallaşdırmağa çalışır. Təəssüf ki, dünya birliyindən də ciddi təpki göstərilmir”.
Politoloqun sözlərinə görə, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Eyni zamanda beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar:
“Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, minaların dəqiq xəritələrinin verilməsini tələb etməlidir”.