68 qohumunu itirmiş Ceyran Əzizova: Azərbaycan düz 32 il hegemon dövlətlərdən ədalət gözlədi
“Dünyaya “ədalət”dən dərs keçən, lakin özü verdiyi dərsə əməl etməkdən çəkinən qərb dövlətlərinin də, onların ölkəmizdəki nümayəndələrinin, səfirlərinin də gözünü türkfobiya, islamofobiya elə bağlayıb ki, vəhşicəsinə qətlə yetirilən insanların doğmalarının 32 ildən sonra hansı hissləri yaşadıqlarını görməzdən gəlməyi üstün tuturlar”.
Bu sözləri “Sherg.az”a açıqlamasında 1992-ci ilin qanlı fevral günlərində Qarabağdan – Xocalıdan didərgin salınmış, erməni separatçıları tərəfindən ailə üzvlərini, ümumilikdə 68 qohumunu itirmiş Ceyran Əzizova bildirib.
Belçikanın paytaxtı Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirlməsi gözlənilən üçtərəfli görüşün regionda sülhün əleyhinə odluğunu deyən C.Əzizova qeyd etdi ki, özünü “humanist” adlandıran ABŞ, Qərb dövlətləri Ermənistanı silahlandırmaqla hələ də separatçılığı dəstəkləməkdə davam edirlər:
- 1992-ci ilin qanlı fevralında ermənilər tərəfindən soyqırıma məruz qalan Xocalı sakinlərinin 32 ildən sonra daha bir kütləvi məzarlıqlarda cəsədləri tapıldı. 32 il gözü yolda qalan, doğmasının, ciyərparəsinin “öldü”sündən-“qaldı”sından bixəbər Xocalılar qəfil gələn xəbərdən sarsıntı keçirdi. Bəlkə də bir çoxunun ümidi vardı ki, şikəst də qalsa, xəstə da düşsə doğması sağ-salamat evinə dönəcək. Amma o qəfil xəbər biz – yol gözləyənlərin son ümidini də tar-mar etdi.Buna baxmayaraq sarsınıtının, kədərin, göz yaşlarının ağır yükü altında bir-birimizə göz aydınlığı da verdik. Ən azından bildik ki, itkinlərimizi yad etmək üçün artıq bir qəbir olacaq, sarılıb ağlamağa bir məzar daşı tapılacaq. Gözlərimiz yollardan yığılacaq. Xəyallarımız daha Xocalıdan Qaraqayaya, oradan da Ağdama qədəruzanan yolları, dərələri, təpələri gəzməyəcək. Şükür, gözlərimiz yığıldı yollardan. İnsanlığa sığmayan vəziyyətdə, hörmətsizcə quyulara doldurularaq üzərləri torpaqlarla, daşla, dəmirlə örtülmüş toplu məzarlardan sümükləri tapılan əzizlərimizi nəhayət ehtiramla torpağa tapşırdıq. Azərbaycan düz 32 il BMT, ATƏT və sair beynəlxalq təşkilatlardan, dünyanın düzənini dəyişmək gücündə olan hegemon dövlətlərdən ədalət gözlədi. Nəhayət, Azərbaycan özü ədaləti ləyaqətlə bərpa etdi. Haqqı dəstəkləyən bir çox ölkələr də 44 günlük müharibəni ilahi ədalətin təzahürü və Azərbaycan xalqının birliyi kimi dəyərləndirir. Torpaqlarımız, doğma Qarabağımız işğaldan azad oldu. Amma demək olar, elə gün olmaz ki erməni terrorçuları tərəfindən viran edilmiş , yerlə-yeksan olmuş o azad torpaqlarımızda toplu məzarlıqlar aşkarlanmasın. Elə gün yoxdur ki, dinc insanları məsləyi, məqsədi vəhşilik törətmək, qan axıtmaq olan separatçıların Qarabağın hər qarışına basdırdığı minalar can almasın.
ABŞ, Qərb, Avropa Bilriyi niyə bunları görmür, amma Ermənistanı yenə silahlandırmaq istəyirlər. Nəyə görə? Azərbaycan torpaqlarına yenə iddia etsinlər, separatçıları gücləndirsnlər, yenidən qırğınlar, vəhşililklər törətsinlər deyəmi?! Unutmasınlar ki Azərbaycan 32 il əvvəlki ölkə deyil. Azərbaycan dövləti, Azərbaycan ordusu torpaqlarını müdafiə etməyə qadirdir. Bunu 44 günlük müharibədə sübit etdik.
Biz tolerant, humanist, onlardan fərqli olaraq sözündə və əməlində ədalətliyik. 44 günlük müharibə dövründə erməni separatçıları, işğalçı Ermənistan ordusu Azərbaycanın şəhərlərini, dinc insanları raket atəşinə tutdu, kütləvi insan qətlini həyata keçirdi. Amma Azərbaycan dövləti heç bir erməni sivilinin ölümünə bais olmadı, dinc insanlar yaşayan ərazilərə bir güllə belə atmadı. 1992-ci ildə ermənilərin Xocalı sakinlərinə tutduğu divanın bircəciyini də Azərbaycan ordusu, Azərbaycan əsgəri heç bir erməniyə qarşı etmədi. Bizim erməni ilə fərqimiz budur, yenə də çox təəssüf ki, onlar bunu görmək istəmir, görməzdən gəlirlər. Bu azmış kimi işğalçı rejimi dəstəkləməkdə davam edirlər. Məqsədləri bəllidir, amma unutmasınlar ki, qarşılarında gücül dövlət, müzəffər Ali Baş Komandan və qalib ordu və xalq var.