Ötən sutka ərzində Azərbaycan Ordusunun mövqeləri 30 dəfə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.Maraqlıdır, Brüssel görüşündən dərhal sonra sərhədlərdə Ermənistanın atəşkəsi pozma halları nəyə işarədir?
Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxalıyev "Sherg.az"a bildirib ki, əslində bu böyük planın kiçik hissəsidir:
"Ermənistan son bir aydır ki, həm 5 aprel görüşlərinə qədər, həm də bundan sonrakı mərhələdə maksimum sərhəddə gərginlik yaradır. Ermənilər düşünür ki, Azərbaycanı şərti sərhədlərin pozulması, hərbi-texniki yerdəyişmənin həyata keçirilməsi, kalonların yeni istehkam sistemlərinin yaradılması üzərinə adekvat cavab versin və nəticədə gərginlik yaransın. Brüsel görüşündə də Ermənistan Avropa İttifaqı və ABŞ-nin rəsmiləri ilə iqtisadi aslılığının, təhlükəsizlik zəmanətinin alınmasına görə, cəsarətlənir. Adi bir toqquşma ilə lokal vəziyyətdə atəşkəsin pozulması, iri çaplı bir əməliyyata çevrilsə, bizi onlara şikayyət edəcəklər. Bir növ Azərbaycana qarşı Avropa İttifaqını və ABŞ-ni gətirmək kimi bir plan var. Nə olursa, olsun günahı bizim boynumuza atıb sanksiyaları tətbiq etmək üçün oyun oynayurlar. Təbii ki, bu vəziyyət Ermənistanın, onu dəstəkləyən qüvvələrin işinə yarıyır. Bu istəklərinə nail ola bilməyəcəklərini artıq siyasi instutlarda Azərbaycana qarşı çıxarılacaq qətnamələrdə və yaxud sanksiyalarda müşahidə edəcəyik . Ermənistan böyük planın detallarının dozunu get-gedə artıracaq. Biz artıq "COP-29"-a qədər olan mərhələdə Ermənistanı dəstəkləyən qüvvələrin aqressiv rəyini gözləməliyik. Həmçinin, şərti sərhəddə təxribatların törədiləcəyi də qaçınılmazdır. Bunu Ermənistanın planlarının başlanğıcı kimi qiymətləndirmək olar. Şübhəsiz ki, davamlı olacağı ehtimalı yüksəkdir".
Hərbi-siyasi ekspert Həşim Səhrablı isə söyləyib ki, Nikol Paşinyan hər nə qədər Sarkisyanın, Köçəryanın siyasətini davam etdirmirik, Ermənistanın gələcəyinə fokuslanmışıq, birgə yaşayışa, sülhə nail olmağa çalışırıq desə də görünən odur ki, Erməni faşizmi Paşinyanın simasında davam edir:
"Sadəcə olaraq istiqamət dəyişib. Yəni Koçaryan, Sarkisyan iqtidarları bunu Rusiya mərkəzi siyasəti ilə edirdilərsə, Paşinyan isə Qərblə davam etdirməyə çalışır. Böyük ehtimalla Brüssel görüşündə Qərb və ABŞ-dan Ermənistana vədlər verlib ki, onların ən çətin məqamında və yaxud hər bir məqsəddə arxalarında olacaqlar. Ancaq reallığı nəzərə alsaq bu günə qədər Qərbin, ABŞ-nin də dəstəklədikləri müttəfiqlərini necə satdıqlarını görərik . Paşinyan da bunlardan biri olacaq. Ancaq bunun nə vaxt olacağı isə Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətin şəkillənməsindən asılı olaraq bəlli olacaq. Sərhəddəki təxribatlarla Ermənistan Azərbaycana mesaj verməyə çalışır ki, biz inkişaf etmiş, mərkəzləşmiş Qərblə ittifaqa giririk. Bunlar NATO ölkələridir, ən müasir silahlar ordadır. Əgər bizim şərtlərlə sülhə girməsəz, ağır cavablar verəcəyik. Qərbin məqsədi isə surətlə parçalanan, müttəfiq qütblərdə toplanan dünyada Azərbaycanın onları seçməsidir. Hər kəsə bəllidir ki, Azərbaycan çox önəmli tranzit layihələrin üstündədir və təbii sərvətlərimiz mövcuddur. Həmçinin, coğrafi mövqeyimiz İran, Rusiya, Çin və Avropa kimi mərkəzlərin birləşdiyi, Cənubi Qafqazın əsas dövlətidir. Qərb Ermənistanın əli ilə Azərbaycana ram etməyə çalışır. Çünki bölgəmizdə Rusiyanın təsirini azalda bilmədilər əksinə, 2020-ci ildən sonra Türkiyə daxil oldu. Əlbəttə, Azərbaycana verilən şirin vədlərin faydasız olduğu bəllidir. Bir sözlə, Ermənistanın yenidən təxribat cəhdlərinə daha qlobal baxmaq lazımdır. Çünki Ermənistan təkbaşına, öz gücünə arxlanaraq 44 günlük müharibədə uduzduğu rəqibinə belə meydan oxumaq iqtidarında ola bilməz. Bu qlobal güclərin təsiri, şirnikləndirilməsi ilə baş verir. Ümumiyyətlə proses bir müddət sonra Ermənistanın dövlətçiliyinin zəifləməsinə və tənəzzülə uğramasına səbəb ola bilər".