QATİLLƏRƏ SÜLH MÜKAFATI?! - Aqil ABBAS yazır

Əli azərbaycanlıların qanına batmış, Qarabağda separatçıların, terrorçuların liderlərindən biri Ruben Vardanyanı ermənilər Nobel mükafatına təqdim ediblər.  Özü də nəyə görə, xeyriyyəçiliyinə, humanitar fəaliyyətinə və  təhsilə  qayğısına görə və sair və ilaxır, at gəldi örkən  apardı, it gəldi  çarıq. Təqdim ediblərsə, deməli, alacaq. 

Niyə də almasın, əli yüz minlərlə  insanın  qanına batmış, SSRİ kimi bir dövləti dağıtmış, xalqları bir-birinə  düşmən eləmiş, dinc əhalini Almatıda, Tiflisdə, Bakıda, Vilnüsda tankın tırtılları altında  əzmiş Mixail  Qorbaçova Nobel Sülh mükafatı verdilərsə niyə də Ruben  Vardanyana  verməsinlər?
Ermənilərin  və Ermənistanın  dalında duran  qüvvələrin, Fransa kimi  kərtənkələlərin, ABŞ kimi  ilana ağ verənlərin  dəstəyi ilə mükafatı  verəcəklər, ondan  sonra da Azərbaycana təzyiq  göstərəcəklər ki, Nobel mükafatı  laureatını  həbsxanada saxlaya  bilməzsiniz. Ölkəmizə yeni bir təzyiq  kampaniyasına başlayacaqlar. At ilxısı, köpək  sürüsü   daraşacaqlar  mətbuata. Ola bilər ki, bizim içimizdən də ilana  ağ verən  tapacaqlar. 
Nobel qardaşlarının Azərbaycan  xalqından  soyub  apardığı pulları bir erməni  terrorçusuna vermək  xalqımızı  təhqir etməkdən başqa bir şey deyil. 
Bu barədə Məmməd Arazın  «Nobel mükafatı» adlı  məşhur bir şeiri var, həmin şeiri bu köşənin  altında dərc edəcəyik, oxuya bilərsiniz. 
İndi gələk Nobel  mükafatına  və mükafatlara. Vaxtilə Rəsul Rza Lenin  mükafatına  təqdim  olunmuşdu. Amma içimizdəki kərtənkələlər Rəsul Rzanın əleyhinə Moskvaya  o qədər  teleqram vurdular ki! Elə öz qəzetlərimizdə  Rəsul Rzanın  Lenin  mükafatına  təqdim olunmuş poemasını da geninə-boluna  tənqid etdilər. 



Üç-dörd il bundan qabaq da yazıçı Kamal Abdullanın bir əsərini Nobel mükafatına  təqdim etmişdilər. Vay, dədəm vay, sosial şəbəkələrdə şivən  qoparan  kim, paxıllıqdan, qısqanclıqdan ürəyi gedən kim və təbii ki, Kamal müəllimə də bu mükafat qismət olmadı. 

Vaxtilə akademik Yusif Məmmədəliyev də Nobel  mükafatına  təqdim olunmuşdu. Moskvada söz sahibi olan ermənilər qollarını  çırmayıb Xruşşovu inandırdılar ki, Məmmədəliyevin  kəşfi dövlət sirridi. Ona Nobel mükafatı verilsə dövlət sirri açılacaq və istəklərinə nail oldular!


Əgər xeyriyyəçiliyə görə, təhsilə qayğıya görə və humanitar fəaliyyətinə görə Nobel mükafatı düşürsə, onda bu mükafat birinci Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya  düşür. Neçə-neçə kasıb ölkələrdə məktəb tikdirib, məktəb açdırıb. Elə Fransanın bir nömrəli muzeyində  baş verən  yanğın zamanı muzeyin bərpasını Mehriban xanımın rəhbərlik etdiyi Heydər  Əliyev  Fondu öz üzərinə  götürdü və əvvəlkindən də  gözəl  bərpa  elətdirdi. Belə misalları çox çəkmək olar. Hələ ölkə daxilində etdiyi  xeyriyyəçilik  əməllərindən  danışmıram və yazmıram. 
Gələk yenə  Vardanyana, ona necə Sülh mükafatı verə bilərlər ki, o və onun  arxasında duranlar  Azərbaycan  və Ermənistanın  sülh müqaviləsi  bağlamağına mane olurlar.

Qaldı Nobel Sülh mükafatına! Əgər Azərbaycanla Ermənistan qansız-qadasız sülh müqaviləsini  imzalasa, onda bu mükafat Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın  baş naziri Nikol Paşinyana düşür.

Təbii ki, mükafat  verənlər  mənim kimi bir  yazıçının  sözü ilə oturub-durmur. Sadəcə olaraq yazıb  heç olmasa  ürəyimi  boşaldıram. 

İndi isə Məmməd Arazın şeirini oxuyun. 

NOBEL  MÜKAFATI

Nobel mükafatı.... Yazdı qəzetlər,
Ucaldı bu adla kiminsə adı.
Oslodan, Parisdən, Madridə qədər
Nobel şərəfinə tərif yazıldı.

Dayan, tərifini burdaca saxla!
Məst olma böhtanlar xülyasında sən.
Geri dön, tarixi bir an varaqla,
Gör onu həqiqət aynasında sən.

Kimindir o qızıl, kimindir o var,
Niyə tərifində bundan deyilmir?!
Gözlər qamaşdıran o parıltılar
Babamın gözünün nuru deyilmi?!

Gör kimin evinin daşı, divarı
Soyulub kim üçün cəh-cəlal oldu.
Sorulub Bakının şah damarları
Nobel banklarında kapital oldu.

Tarix hökm elədi, qaranquş kimi
Bahara səslədik bu elləri biz.
Sapanda qoyulan qara daş kimi
Atdıq yurdumuzdan nobelləri biz.

Tarix haqqımızı qaytardı geri,
Sorulan qanımız qayıtmaz artıq.
Bizi səsləyəndə döyüş illəri
Ayılıb gördük ki, gec ayılmışıq...

Bir günlük varımı qaytarsan bir an
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandıqlarından
Alpın ətəyində Xəzər yaranar...

Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından;
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından!