Dörd kənddən sonra Vardenis (Basarkeçər), daha sonra Sünik (Zəngəzur) veriləcək. Vardenisdən 10 kəndin, Sünikdən isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır.
bu barədə erməni politoloq Artur Xaçikyan bildirib.
Onun iddiasına görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsində artıq işlər başlayıb:
“Azərbaycanın Naxçıvana çıxışının təmin edəcək bu dəhlizdə yolların asfaltlandığı deyilir. Hakimiyyət bunu gizlədir, lakin sosial şəbəkələrdə yolların təmir edildiyi görüntüləri yayılır. Bu o deməkdir ki, kəndlərin verilməsindən sonra dəhlizin verilməsi də gündəmdədir”.
Xaçikyan qeyd edib ki, baş verənlər Ermənistanın yekun kapitulyasiya aktını imzalaması ilə nəticələnəcək.
Siyasi şərhçi Tural İrfan “Sherg.az”a söyləyib ki, o, bu fikirləri erməni xislətinə xas mübaliğəli şəkildə Paşinyan hakimiyyətini şantaj etmək ritorikasında səsləndirib:
“Zəngəzur dəhlizi 10 noyabr bəyannaməsinə görə Ermənistanın boynunda olan öhdəlikdir. Sadəcə müəyyən xarici güclərin Ermənistan hakimiyyətinə təsirləri, daxili revanşist qüvvələrin təzyiqi bu dəhlizin açılmasının ləngiməsinə gətirib çıxardı. Ancaq bu gün Ermənistan görür ki, vaxt qazanmaq əvəzinə vaxt itirir. Şübhəsiz ki, xəritələr əgər Xalq Cümhuriyyətinin qurulması dönəmindəki kimi götürülsə, nəinki Basarkeçər, hətta daha böyük ərazilər Azərbaycana aid olacaq. Ancaq biz o yerlərə getməyimizi, deportasiya olunmuş əhalimizin öz yerlərinə yerləşməsini və siyasi zəmin olduqda ərazilərimizin də qaytarılmasını zəruri hesab etməliyik. Xaçikyanın qeyd etdiyi kəndlər hələlik qaytarıla bilər. Ona görə ki, bir çox kəndlər vaxtı ilə Sovet dönəminin müxtəlif dövrlərində qanunsuz olaraq Ermənistana verilib. Hətta Qazax rayonunun da böyük yaylaq ərazisi də Sovet hakimiyyətinin son dövrlərində Ermənistana verilib”.
Ekspert bildirib ki, indi dəqiqləşdirmə, sərhədlərin nizamlanması prosesində bu məsələlərin də aktuallaşması gözləniləndir:
“Eyni zamanda, Azərbaycanın üstünlüyü nəticəsində həlli də mümkün görünür. Ancaq Xaçikyanın bu açıqlaması reallıqdan daha çox revanşistləri təhrik etmə niyyətinə bənzəyir. Bu hər kəsə məlumdur ki, bütün Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlardır. Ona görə Ermənistanın istənilən ərazisinə dünyada yeganə olaraq biz iddia edə bilərik. Bunu onların özləri də yaxşı bilir. İndiki Ermənistan Azərbaycanın əzəli, tarixi torpaqlarıdır. Buna baxmayaraq biz heç zaman təcavüzə, işğala yol verməmişik və haq-hüquq çərçivəsində addım atmışıq. Məhz ona görə də sonda Azərbaycan tam qalib gəldi”.
Analitik onu da qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycan xalqına qarşı milyardlarla dollar məbləğində maddi, mənəvi ziyan vurub:
“Yeraltı, yerüstü sərvətlərimiz, mədəni, tarixi abidələrimiz talanıb, istismara məruz qalıb. Əhalimizə qarşı genosid törədilib. Bu zərərin Ermənistana bağışlanmasından söz gedə bilməz. Ancaq necə kompensasiya olunması müzakirə oluna bilər. Ermənistan dövlətini qondarma "arsax" sayağı buraxaraq Azərbaycan tərkibində muxtariyyət kimi qalmağa, ya da uzun illər ərzində Azərbaycana vurduğu ziyanı ödəməyə borcludur. Onsuz da bizə torpaq vermiş olmur, yenə də öz tarixi torpaqlarımızı qaytarmış olur”.