Məqsəd iki böyük güc mərkəzinin təsir zonasında olmayan bütün dövlətləri, təşkilatları bir amal ətrafında birləşdirməkdir
Bakıda 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, bu forumda 110 ölkənin dəyərli ziyalılarının, siyasətçilərinin iştirak etməsi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı, bütün bəşəriyyət üçün olduqca əhəmiyyətli hadisədir. Cəsarətlə deyə bilərik ki, bu forum dünyada gedən xeyirlə şərin mübarizəsində, bütün xeyir, sülh, qardaşlıq, bərabərlik tərəfində olanların bir cəbhədə birliyinin daha mütəşəkkil təşkilatlanması üçün keçirilən olduqca önəmli bir tədbirdir. Cənab prezident çıxışı zamanı açıq şəkildə keçmişin iyrənc müstəmləkəçilik siyasətinin davam etdiyini göstərdi və bu siyasəti qəti olaraq pislədi. Bu iyrənc müstəmləkəçilik siyasəti ilə mübarizənin yollarını göstərdi: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”.
Ölkə başçısı həmçinin qeyd edib ki, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu, məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır.
"Oğuz" elmi, siyasi araşdırmalar mərkəzinin üzvü Tahir Ələkbərov Prezidentin Forumdakı çıxışını yüksək dəyərləndirib.
O, “Sherg.az”aaçıqlamasında deyib ki, gerçəkdən müasir dünyamızda qlobalizm ideyası və bu ideyanın tərəfdarlarının həyata keçirdiyi siyasət, artıq heç kimə sirr deyil. Ən böyük güc mərkəzi olan qərb qlobalizm ideyası altında müxtəlif istiqamətlərdə və müxtəlif mübarizələrlə, taktiki üsulları ilə öz ideyalarını dünyaya qəbul etdirmək istəyir:
“Beləliklə, dünyada əsas ticarət yollarına, əsas təbii xammal mənbələrinə, bütün ölkələrə, bütün ticarətə və ümumiyyətlə, bütün dünyaya, insanlığa nəzarət etmək istəyirlər. Dünyada aparılan ümumi rəqəmsallaşma, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya maliyyə və s. beynəlxalq təsisatlar vasitəsilə dünya hökumətini yaradaraq, bu hökumət vasitəsilə dünyaya rəhbərlik etmək istəyirlər. Yəqin ki, NATO hərbi blokunu sürətlə genişləndirib inkişaf etdirməkdə də məqsəd, gələcəkdə onların düşündüyü ümumdünya hökuməti yaradılarkən bu hərbi blok ümumdünya polisi funksiyasında olacağını düşünsək, səhv etmərik. Fransa da bu böyük güc mərkəzinin subyekti olduğuna görə, onun müstəmləkəçilik siyasəti ABŞ və qərb, İngiltərə güc mərkəzinin subyektləri tərəfindən normal, sakit qarşılanır. Çünki bütün fəaliyyətlər pərdə arxasında olan bir beyin mərkəzi tərəfdən hazırlanır və nəzarət olunur. Qlobalistlərə qarşı olan əsas güc mərkəzi Rusiya Federasiyasıdır. Rusiya bu gün tarixi müstəmləkəçiliyinə tarixi qardaşlıq "lenti" bağlayaraq bir sivilizasiya, Avrasiya sivilizasiya düşüncəsi ilə daha böyük çoğrafiyanı birləşdirməyə cəhd edərək, bu ideyaya söykənərək, ənənəvi rəqibi ilə mübarizə aparmaqdadır. Çin də qlobalistlərlə mübarizə aparır. Amma Çinin bu mübarizədə tam olmasa da, iqtisadiyyatının əhəmiyyətli hissəsi qlobalistlərdən asılıdır. Xatırlayaq ki, Çin təxminən 50 il əvvəl kənd təssərrüfatı ölkəsi idi. Onun iqtisadiyyatını qlobalistlər milyardlarla dollar xərcləyərək inkişaf etdirdilər. ABŞ-nin zavodlarını Çinə köçürdülər və inkişaf etdirdilər. Yəni Çin öz sürətli iqtisadi inkişafına görə qlobalistlərə borcludur”.
T.Ələkbərovun sözlərinə görə, Ermənistan, İran kimi dövlətlərin yaranması da, böyük güc mərkəzlərinin geostrateji qlobal planlarının tərkib hissəsidir: “Geosiyasi müharibələrin tarixinə məna ardıcıllığı ilə baxdıqda, Ermənistan Respublikası da, İran adlı dövlət də böyük güclərin geosiyasi "məhsuludur". Əgər bu güclərin məkrli geosiyasi planları olmasaydı, bu gün nə Ermənistan Respublikası, nə də İran adlı fars millətçi dövləti mövcud olardı. Ermənistan Qərbi Azərbaycan torpağı olaraq qalacaqdı. İranda isə Qacarlar dövlətimiz öz mövcudluğunu qoruyub saxlayardı və ya öz dövlətçiliyinin təbii təkamülü prosesi ilə inkişaf edərdi”.
QHT sədri deyib ki, Yaponiyanın da dövlət bankı qlobalistlərin vəsaiti ilə yaradılıb və bu günə qədər də onların nəzarəti ilə işləyir:
“Bu gün dünyanın siyasi və geosiyasi xəritəsini bir az çəkməyə çalışdım ki, Bakıda keçirilən bu forumun əhəmiyyətini bir az anlaya bilək. Prezidentin çıxışında nə qədər önəmli mətləblərin olduğunu anlaya bilək. Forumun dünyanın yeni düzümü, yeni ədalətli səhmanı üçün əhəmmiyyətini anlaya bilək. Müasir dünya üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev rolunu bir cümlə ilə desək, o zaman cəsarətlə demək olar ki, dünyada bütün xeyir qüvvələrin rəhbəri olaraq tanınmaqdadır. Bu forumun mahiyyəti odur ki, iki böyük güc mərkəzinin təsir zonasında olmayan bütün dövlətləri, təşkilatları bir xeyirxah güc mərkəzi halında, bir amal ətrafında birləşdirməkdir və bu böyük güc vasitəsilə dünyada sülhü, bərabərliyi yaratmaqdır. Cənab İlham Əliyev dünyanın olduqca çətin və mürəkkəb olduğu bir zamanda, öz siyasəti ilə Türk Dövlətləri Təşkilatını, Qoşulmama Hərəkatı Təşkilatını, İslam birliyini, olduqca dəyərli düşüncələri ilə, fəaliyyəti ilə özünü müdafiə, inkişaf və bərabərlik prinsipləri ilə dünyada ədalətin bərqərar olması üçün çalışan dünyamiqyaslı sülh carçısı olan xeyir qüvvələrin rəhbəridir”.