Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb ki, Tiflisdə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı keçirilən mitinqlərin təşkilatçıları Ukraynada döyüşən gürcü könüllülərlə birlikdə təxribatlar hazırlayır.
“Gürcüstan parlamentinin yaxınlığında keçirilən mitinqlərdə xaricdən maliyyələşdirilən bəzi insanlar təxribatlar təşkil etməyə çalışırlar. Bu cinayət planlarında xaricdə olan Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi iştirak edir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, xarici təlimatçılar hüquq-mühafizə orqanlarına qarşı təxribatlar törətmək və ölkədə xaos yaratmaq məqsədilə mitinq iştirakçılarına təlim keçir:
“Etirazçılar nəqliyyat qovşaqlarını iflic etmək və inzibati binaları ələ keçirmək niyyətindədirlər. Aksiyaların təşkilatçıları xaricdən kriptovalyuta şəklində pul alırlar. Onlar bunu xaricdən maliyyə vəsaitlərini gizlətmək üçün edirlər”.
Xidmətin məlumatına görə, Tiflisdə etirazçılar “rəngli inqilab” üsullarından istifadə edirlər və məqsədləri hakimiyyəti güc yolu ilə ələ keçirməkdir.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti aksiya iştirakçılarını təxribatlara uymamağa çağırıb, həmçinin aksiyaların təşkilatçılarına xəbərdarlıq edib ki, qanun pozuntusu baş verərsə, asayiş keşikçilərinin reaksiyası sərt olacaq.
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, kəşfiyyat orqanlarının bu cür açıqlama verməsi normaldır:
"Çünki kəşfiyyat xidmətləri hökumətin tərkib hissəsidir və aydın məsələdir ki, onlar bu məqamda etirazçıları xarici qüvvələrlə bağlayacaq, onların içərisində təxribatçıların hətta, terrorçuların olduğunu iddia edəcəklər. Amma bir məsələdə var ki, “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı keçirilən mitinqlərin təşkilatçıları Qərbdən dəstəklənir. ABŞ və Aİ hazırda həmin şəxslərdən Gürcüstan hakimiyyətinə dolayısıyla Rusiyaya qarşı istifadə edir. Düşünürəm ki, yaxın zamanda Gürcüstanda silahlı üsyanların şahidi olmasaq da, qarşıdurmalar şiddətlənəcək və etirazçılar etirazın miqyasını müəyyən qədər artıracaq".
Analitik əlavə edib ki, Gürcüstan hökuməti bu məsələdə geri addım atmaq niyyətində deyil;
"İvanaşvili bu məsələdə geri addım atmaq niyyətində olmadığının siqnalını bir neçə dəfə verib. Hazırda Gürcüstanda qarşıdurmalar qanlı olmasa da , oktyabr ayında keçiriləcək seçkilərdə müxalifət məğlub olarsa, Gürcüstanda silahlı üsyanların şahidi ola bilərik".