Xeyirli, uğurlu olsun!
Bir millətin, eyni genetik kodları daşıyan iki şəxsin ailə qurması normal hadisədir
“Türkiyədə ailə quranlar orada təhsil alanlar, müəyyən işlərdə çalışanlar da ola bilər. Nəzərə alaq ki, Türkiyə hökuməti yeni evlənənlərə maddi dəstək də verir”
Son illərdə qardaş Türkiyədə ailə quran həmvətənlərimizin sayı artır. 2023-cü ildə 254 azərbaycanlı kişi Türkiyədə ailə qurub. Bu, Türkiyə Statistika İdarəsinin 2023-cü il üçün doğum, evlilik və boşanma hesabatında yer alıb. Məlumata görə, Türkiyədə ötən il əcnəbi bəylərin sayı 6 min 345, əcnəbi gəlinlərin sayı isə 31 min 29 olub. Almanlar 21,9 faizlə birinci yerdə qərarlaşıb. Onlardan sonrakı yeri 19,2 faizlə suriyalı bəylər və 5,1 faizlə avstriyalı bəylər tutub. Türkiyədə evlənən alman kişilərin sayı ötən il 1387 nəfər olub. Sonrakı yerləri isə Suriya (1219), Avstriya (326), Əfqanıstan (316) tutub. Ötən il 254 azərbaycanlı kişi Türkiyədə evlənib. Əcnəbi gəlinlər arasında isə 12 faizlə özbək xanımlar birinci olub. Özbək gəlinləri 11,3 faizlə suriyalılar və 9,1 faizlə azərbaycanlı gəlinlər izləyib. Həmvətənlərimizin Türkiyədə ailə qurmasına nə səbəb olur? Sevgi, iqtisadi maraqlar, yaxud başqa hansısa səbəblər?
Sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında həmvətənlərimizin qardaş ölkədə ailə qurmasında qeyri-adi səbəblər axtarmağın əleyhinə olduğunu dedi:
- Bu, bizi sevindirməlidir ki, iki qardaş ölkə arasında təkcə milli-mədəni, siyasi əlaqələr deyil, həm də ailə bağları möhkəmlənir. Nahaq yerə demirlər, ailə kiçik dövlətdir. Belə müştərək dövlətlərin sayı nə qədər çox olsa, bir o qədər xeyrimizədir. Azərbaycan da türk dövlətidir, millətimizin türkdür, Türkiyə də. Bir millətin, eyni genetik kodları daşıyan iki şəxsin ailə qurması normal hadisədir. Ənənələrimizdə çox az fərqlər var. Bölgələr üzrə dəyişir bu adətlər. Azərbaycanın özündə Gədəbəydəki adət-ənənə Bakıdan fərqlənir, eləcə də başqa regionlar arasında da müəyyən adət fərqləri var. Amma ümumi götürsək, hamımız eyni soy-kökün daşıyıcılarıyıq. Evlilik mürəkkəb və məsuliyyətli bir işdir. Buna qərar vermək elə də asan olmur. Görünür, Türkiyədə ailə həyatı quran kişilərimiz, xanımlarımızın da həyatında onlar üçün mühüm əhəmiyyət kəsb edən hadisələr baş verib. Kimsə orada təhsil alıb, sonra da uyğun iş tapıb, işləyir. Tale, qismət belə gətirib, həyat yoldaşı olacaq adamla qarşılaşıb, səmimi münasibətlər qurulub və nəticədə evləniblər. Bilirsiz, dünyada bütün dövrlərdə insanların yerdəyişməsi, miqrasiya, köç baş verir. Müxtəlif səbəblərdən. Müharibələr buna səbəb olur, iqtisadi çətinliklər, siyasi baxışlar. İnsanlar durmadan hərəkət halındadır. Baxırsan ki, birisi Uzaq Şərqdən Amerikaya gedir. Orada həyatı elə gətirir ki, yaşamağa, işləməyə başlayır və ailə qurur. Bunlar sosial məsələlərdir. Bir də var, iqtisadi bağlılıqlar. Kimsə bir ölkədə iş qurur və ora bağlanır. Hər şey insanın özünü harada daha çox rahat hiss etməsi, özünü realizə edə bilməsindən asılıdır. Bəlkə də Türkiyədə ailə quranlar arasında ikinci evliliyi olanlar da var. Əvvəlki ailə həyatları uğurlu olmayıb, boşanmış şəxslərdir, ikinci dəfə ailə qururlar. Hər cür hal mümkündür.
İ.Hüseynli bildirdi ki, Türkiyədə təhsil almaq, həmçinin evlənən cütlüklərə təqdim olunan güzəştli şərtlər də cəlbedicidir:
- Təhsil alanların akademik göstəricilərinə uyğun olaraq dövlət hesabına təqaüd ödənilir, təhsil haqları dövlət tərəfindən qarşılanır. Buna “burs” deyirlər. Tələbələr çalışır ki, burs alsınlar, yəni təhsil haqları dövlət tərəfindən qarşılansın. Ali məktəbləri yüksək nəticələrlə bitirənlər dövlət tərəfindən işlə təmin edilir. Buna “atama” deyilir. Necə ki sovet vaxtı bizdə belə idi, ali məktəb məzunları təyinatla işə göndərilirdi. 2 il müddətinə. Bundan sonra qayıdıb gələ də bilirdi, qalıb işləyə də bilərdi. Hazırda elə bir vəziyyətdir, ümumən dünyada, kim harada özünü təminatlı hesab edirsə, orada qalmağa çalışır. Türkiyədə ailə quranlar orada təhsil alanlar, müəyyən işlərdə çalışanlar da ola bilər. Nəzərə alaq ki, Türkiyə hökuməti yeni evlənənlərə maddi dəstək də verir. Bununla bağlı xüsusi proqram var və icrasına başlanılıb. Bunu da unutmamalıyıq. Gənclərə evlənmələri üçün maddi dəstək, güzəştli şərtlərlə mənzil əldə edilməsinə yardım göstərilməlidr.