Politoloq: Təcili sülh müqaviləsi imzalanmalıdır

Ermənistanın demoqrafiya problemini həll etmək üçün yeganə çıxış yolu budur 


  Ermənistan vətəndaşları müxtəlif üsullarla hərbi xidmətdən yayınmağa çalışırlar.
Ölkənin Baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Bu səbəbdən nə qədər insan ölkəni tərk edib. N.Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın bir çox sakinləri övladlarının hərbi xidmətdən yayınmaları və səngərlərdə olmamaları üçün miqrasiya ediblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Elm və Təhsil Nazirliyi
hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün təhsil qaydalarını da sərtləşdirib. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq 7 və 8 yaşlı uşaqlar məktəbə qəbul olunduqdan sonra birinci sinfə yox, yaşlarına uyğun olaraq dərhal ikinci və ya üçüncü sinfə gedəcəklər.  Dəyişikliyə səbəb kimi isə qeyd edilib ki, övladını bir-iki il gec məktəbə göndərən valideynlər üçün əsas motivasiya oğlanlar üçün ordudan möhlətdir. Yeni qaydaya görə, uşaq vaxtında məktəbə göndərilməsə, valideynlər yenə də istədiklərinə nail olmayacaqlar, çünki şagirdlər həmyaşıdları ilə eyni sinifdə oxuyacaq və məktəbi 18 yaşlarında bitirəcəklər. Nazirlik ümid edir ki,  sərt qərardan sonra  valideynlər uşaqlara çətinlik yaratmamaq üçün belə bir addım atmayacaqlar.  Bu qərar yalnız valideynlər əvvəlki qaydanın artıq işləmədiyini görüb, uşaqlarını vaxtında məktəbə göndərsələr, müsbət təsir göstərəcək. 
 
 Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov isə “Sherg.az”a açıqlamasında deyib ki,  miqrasiya problemi Ermənistan üçün yeni məsələ deyil: 

“Xüsusən də, Nikol  Paşinyan  hakimiyyətə gəldikdən sonra bu məsələ sürətlənib. Bunun da bir çox səbəbi  var. Əvvəla, Ermənistan qonşu dövlətlərə,  əsasən də Azərbaycana qarşı yeritdiyi ərazi iddiaları və işğalçılıq siyasəti bu ölkənin regional  layihələrdən təcridinə səbəb olub. Bu gün Ermənistan dalan dövlət olaraq öz fəaliyyətini davam etdirir. Bu da sözsüz ki, daxili narazılıqlara və miqrasiya probleminə gətirib çıxarır. Üstəlik, miqrasiyanın qarşısını almaq üçün hökumətin konseptual baxışları da mövcud deyil. Bu da mövcud  problemin daha da dərinləşməsinə gətirib çıxarır. Hesab edirəm ki,  Ermənistan hökumətinin demoqrafiya problemini həll etmək üçün  yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi  imzalayıb, regional layihələrdə iştirak hüququ qazanması və iqtisadi durumunu düzəltməsidir”.