COP29 qonaqlarının rezervasiyası üçün onlayn platforma artıq hazırdır.
Bunu Azərbaycan Turizm Bürosunun sədr müavini Rəşad Əliyev COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qonaqlar üçün rezervasiya platforması bu gün açılacaq: “Saat 17:00-dan etibarən qonaqlar platforma vasitəsilə otel rezervasiyası edə bilərlər. Saytda həm oteli seçmək, həm də tədbirlərin keçiriləcəyi məkanlar haqda məlumat almaq mümkün olacaq. Sözügedən platforma ilə COP29.az saytı vasitəsi ilə tanış olmaq mümkündür”.
Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova isə deyib ki, otellərin və digər xidmətlərin qiymətlərinə Agentlik hansısa formada müdaxilə etmir: “Sadəcə bu subyektlərə ötən COP tədbirləri zamanı digər ölkələrdə təklif olunan qiymətlərin necə tənzimlənməsi haqda məlumatlar verilib”.