Tacikistana uzanan yol uğurdur -ANALİZ

Azərbaycan Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir


  Dünən Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü baş tutub. Görüş Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçib. Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlər ətraflı müzakirə edilib. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə  olunub. Danışıqlar zamanı həmçinin  Azərbaycan Prezidentinin Tacikistana ötənilki dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların əməli surətdə həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanılıb. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırılıb.
  Qeyd edək ki, Azərbaycan Respublikasının çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir.  Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır.
  
Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın əlaqələrini yüksək qiymətləndirən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında  deyib ki, Orta Asiya dövlətlərinin hər biri ilə ikitərəfli münasibətlərimiz var. Onun fikrincə, indiki şəraitdə  Mərkəzi Asiya regionu ilə münasibətlərin möhkəmləndirilməsi hazırkı geosiyasi şəraitdə mühüm perspektivlər vəd edir: 
“Orta Asiya dövlətlərinin Azərbaycanın tarixən çox yaxşı əlaqələri olub. O cümlədən də Tacikistanla. Tacikistan türk dövləti olmasa da,  əhalisinin 30-40 faizi  türklərdən ibarətdir. Azərbaycanın Türk Dövlətləri Təşkilatında birləşdiyi Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanla bərabər Tacikistan da türk coğrafiyasının bir parçasıdır. Tacikistan prezidentinin Azərbaycana səfəri də bu kontekstdə dəyərləndirilməlidir. İki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi hər iki ölkə üçün mühüm faktordur. Həm bizim, həm də Orta Asiya ölkələri üçün çox faydalıdır”.

  Tacikistanın Azərbaycanla əlaqələrə çox böyük önəm verdiyini vurğulayan siyasi şərhçi deyib ki,  dünyada söz sahibi  olmasına və iqtisadi inkişafına görə Azərbaycan Orta Asiya  dövlətləri üçün bir örnəkdir:
 “Qlobal platformalarda Azərbaycanın sözü daha  çox eşidilir. Azərbaycan elə bir mərhələyə gəlib çatıb ki, dövlətimiz dünyanın hər tərəfində yetərincə yaxşı tanınır. Dövlət başçımız siyasi lider kimi hər tərəfdə yüksək səviyyədə qəbul olunur. Azərbaycan və onun liderinin etibarlı tərəfdaş imici var. Bu müsbət imicə görə Orta Asiya  dövlətləri Azərbaycanla münasibətlərə can atırlar. Bu baxımdan Tacikistan  və digər Orta Asiya dövlətləri Azərbaycanla münasibətlərə  ehtiyac duyurlar. Bu 5 dövlətin hər biri Azərbaycanı öz yanında görmək istəyir. Heç şübhəsiz, bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev mühüm rola malikdir və prosesə böyük töhfələr verir. Məhz Azərbaycan liderinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar”.
  Azər Həsrət həmçinin qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib: “Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir".