Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Kişineu şəhərində Avropa Konstitusiya Məhkəmələri Konfransının XIX Konqresində iştirak edib.
Qurumdan "Report"a verilən məlumata görə, səfər Moldovanın Konstitusiya Məhkəməsinin sədri Domnika Manolenin dəvəti ilə baş tutub.
Bildirilib ki, tədbirdə Moldova Prezidenti, bir sıra dövlət orqanlarının rəhbərləri, həmçinin Avropanın 36 ölkəsinin konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri iştirak ediblər.
Avropa Məhkəməsi, Moldova Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyasının sədrləri konqresdə açılış nitqləri ilə çıxış ediblər.
Tədbirdə Konstitusiya məhkəmələri ilə beynəlxalq məhkəmələr arasında qarşılıqlı əlaqələr, Konstitusiya məhkəmələrinin fəaliyyətində siyasi və hüquqi məsələlər, fövqəladə vəziyyət dövründə konstitusiya prinsiplərinin qorunması ilə bağlı mövzular ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Bununla yanaşı, konqresin nizamnaməsinə əsasən, Avropa konstitusiya ədalət mühakiməsi orqanlarının sədrlərinin iclasında təşkilati aspektlər, Avropa Konstitusiya Məhkəmələri Konfransına üzvlüyə qəbul, maliyyə və büdcə məsələləri, Konqresin yekun Bəyannaməsi, habelə təşkilata sədrliyin Albaniya Konstitusiya Məhkəməsinə təhvil verilməsi haqqında qərar qəbul edilib. Konqresin sonunda yekun Bəyannamə qəbul olunub.