Türk dövlətləri vahid “Turan” brendi altında mallar, o cümlədən sənaye məhsulları ixrac edə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Birləşmiş Sənaye Bölgəsi (OSTİM) İdarə Heyətinin sədri Orhan Aydın Ankarada jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, Türkiyə türk dövlətləri, o cümlədən Azərbaycanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verir.
“Azərbaycanda Vətən müharibəsi illərində OSTİM-də istehsal olunan bir çox növ hərbi məhsullardan istifadə olunub”, - deyə Aydın xatırladıb. Sənaye zonası İdarə Heyətinin sədri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin tezliklə bərpası üçün respublikanın sənaye məhsullarına tələbatını öyrənmək məqsədilə Azərbaycana səfər planlarını da bölüşüb.
OSTİM-in rəhbəri Qazaxıstan və Özbəkistan da daxil olmaqla, digər türk dövlətləri ilə sıx tərəfdaşlıq əlaqələri qurmağa hazır olduqlarına da diqqət çəkib. “Biz OSTİM-in nailiyyətlərinin əyani sübutu kimi Türkiyənin sənaye zonalarının yaradılması sahəsində uğurlu təcrübəsini bölüşməyə hazırıq”, - deyə Aydın bildirib.