“Müsbət olan budur ki, bizim təqdim etdiyimiz siyahıdan da əfvə düşənlər var”
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub. Sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub,
Sərəncamın vaxtında icrasını təmin ediblər. Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki 2, 4, 10,16, 17 saylı və digər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər. Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib. Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında Prezidentin nöbbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq Əfv fərmanı imzalamasının sevindirici hadisə olduğunu dedi:
- Hər dəfə Əfv fərmanı imzaladıqda neçə-neçə insan azadlığıa qovuşur, ailələr sevinir. Əlbəttə, biz bunu alqışlayırıq. Əfv fərmanının imzalanması bütün hallarda yaxşıdır. İnsanlar öz evlərinə qayıdır, ailəsinə qovuşur. Biz hüuqu müdafiəçiləri də Əfv komissiyasına siyahı təqdim etmişdik. Müsbət olan budur ki, bizim təqdim etdiyimiz siyahıdan da əfvə düşənlər var. Az da olsa, var. Onlar sıravi məhbuslardır. Bu bizi sevindirir. Biz təklif etmişdik ki hazırda məhkəmə istintaqı gedən şəxslər də buraxılsınlar, hansısa bir formada. Məsələn, ev dustaqlığına buraxıla bilərdilər, şərti cəzalar verilə bilərdi, cərimə olunmaqla barələrindəki hökm dəyişdirilə bilər. Çünki bu insanlar barəsində Əf v sərəncamınını verilməsi hələ mümkün deyil, məhkəmə prosesi gedir. Amma barələrindəki hökm başqa formalarda dəyişdirilə bilər. Yenə də ümid edirik, inamımız itməyib, inanırıq ki həmin şəxslər də tezliklə azad olunacaqlar. Ümid edirik ki, sabiq “OMON”çular da azadlığa buraxılar. Bu insanlar 20 ildən artıqdır məhbusdurlar. Hesab edirik ki, cənab Prezident humanist addım ataraq bu insanları həbsdən azad edəcək.Onlar arıtq yaşlanıb, müxtəlif xəstəlikləri var. Onları azad etmək ən böyük humanist addım olar.