Sabiq XİN rəhbəri: Yekun sülh sazişi bir neçə ildən sonra mümkündür

Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları mütləq konstitusiyadan çıxarılmalıdır
 
Tofiq Zülfüqarov: “İstisna olunmur ki, sülhün çərçivə sazişinə payıza kimi imza atılsın, qalan danışıqlar isə sonraya saxlanılacaq”
 
 
 
 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın sülh və konstitusiya ilə bağlı iddialarına cavab verib. Nazir vurğulayıb ki, Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik yaratmaq cəhdi qəbuledilməzdir. XİN rəhbərinin sözlərinə görə, Ermənistan Konstitusiyasında, Ermənistan Parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur: “Bu məlum bir faktdır və bu məsələ, təbii ki, zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində bu xüsusda diskussiyaların olması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti özü bu faktların mövcudluğunu özləri üçün zərərli olduğunu qəbul edirlər”. Ceyhun Bayramov qeyd edib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik, bərabərlik yaratmaq cəhdi, yumşaq desək, həqiqətdən uzaq və qəbuledilməzdir: “Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə və Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə də bu mövzuda paralellik yaratmaq cəhdləri qəbuledilməzdir. Əfsuslar olsun ki, bu kimi tendensiyaları biz ilk dəfə deyil görürük. Bəzi hallarda danışıqlar prosesində Ermənistan üçün belə demək olarsa, uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa belə, süni şəkildə güzgü effekti yaratmaq cəhdləri edilir”. XİN rəhbəri onu da bildirib ki, Azərbaycan qanunvericiliyində bu kimi məqamların olmaması açıq-aydındır: “Bunu bütün beynəlxalq tərəfdaşlar bilir və bu arqumentləri heç kəs qəbul etmir. Düşünürəm ki, Ermənistan hakimiyyəti özü də bunun əsassız olduğunu bilir”. Nazirin sözlərinə görə, Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz, burada paralelliyə yer yoxdur: “Nəzərə alsaq ki, bu kimi mesajlar beynəlxalq auditoriyalara da ünvanlanır, bu da beynəlxalq tərəfdaşlarımız arasında çaşqınlıq yarada bilər. Təbii ki, bunu nəzərə alaraq, biz bu kimi iddiaları əsaslı şəkildə rədd etmişik. Belə tendensiyaların inkişafı bizim üçün yolverilməzdir. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz. Burada paralelliyə yer yoxdur”.
 Məlumat üçün bildirək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistanın daxili qərarıdır. Bununla belə, nazir qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin qarşısında mövqe səsləndirib, hər biri digərinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür.
 Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvanın Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini deyib. Qeyd edək ki, aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb. Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin də deyib ki, Moskva İrəvanla Bakı arasında barışığı dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Nazir müavini bildirib ki, Rusiya tərəfi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında mayın 10-11-də Qazaxıstanda keçirilən görüşü müsbət qiymətləndirir: “Bu görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atıldı. Moskva 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının iki raundlarına ev sahibliyi edib. Biz Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə davam etməyə hazırıq”.

 Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a bildirib ki, Ermənistanın öz konstitusiyasını dəyişdirməsi sadəcə Azərbaycanla bağlı deyil. Həmin konstitusiyada Türkiyə ilə bağlı məqamlar da var. Sabiq XİN başçısının sözlərinə görə, Ermənistan öz qanunverici aktlarında mütləq dəyişiklik etməlidir: 
"Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır. Çünki bu məqamlarla qalıcı və yekun sülhün imzalanması mümkün deyil. Hazırda Ermənistanda daxili proseslər gedir, bəzən gərginlik artır, bir müddət sonra səngiyir. Bunlar Ermənistanın öz işidir. Ancaq indiki mərhələdə çərçivə sülh sazişindən söhbət gedir, yekun sülh sazişindən yox. Bunlar fərqli sənədlər olacaq. Yekun sülh sazişinin imzalanması bir neçə ildən sonra baş tuta bilər. Danışıqlar və müzakirələr davam etdikcə sərhədlərin delimitasiya və demarkasiya prosesi öz həllini tapacaq, kommunikasiyalar bərpa ediləcək. Bu məsələlərin həlli illər tələb edir. Çərçivə sülh sazişi sadəcə olaraq deklorasiya kimi bir şeydir. Əsas prinsiplərin yer alacağı bir sənəddir. Orada gələcək prosesin hansı istiqamətdə gedəcəyini əks etdirən əsas prinsiplər qeyd olunacaq. Çünki işğaldan sonra hərbi-texniki qalıqlar aradan götürülməlidir ki, tədricən siyasi nəticələr əldə olunsun. İstisna olunmur ki, sülhün çərçivə sazişinə payıza kimi qol çəkilsin, qalan danışıqlar isə sonraya saxlanılacaq. Ümumən, tərəflər arasında 30 ildən çox davam etmiş konfliktin sülhə dönüş mərhələsinə keçidi təmin etmək üçün sülh sənədi vacibdir".

 T.Zülfüqarov vurğulayıb ki, Ermənistan tərəfi çalışır ki, sovet dövründə sahib olduqları ərazilərin rəsmən tanınmasına və təsdiqlənməsinə nail olsun:
 "1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və Ararat Respublikası Rusiya tərəfindən işğal olunub. Bundan sonra sovet rəhbərləri Azərbaycan ərazilərini hissə-hissə Ermənistana verməyə başlayıb və 9 min kv.km ərazisi olan Ermənistan ərazisi 3 dəfəyədək artırılıb. Ermənistan rəsmiləri iddia edirlər ki, onların 29 min kv.km ərazisi olub və bu iddianı irəli sürərkən müxtəlif sənədləri, xəritələri gündəmə gətirirlər. Bir müddət öncə təklifləri ondan ibarət idi ki, 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi tətbiq olunsun. Sonra məlum oldu ki, əslində, Almatı Bəyannaməsi bir səhifəlik sənəddir və orada konkret xəritələrdən söhbət getmir. Həmin Bəyannamə ilə sərhədlərin müəyyənləşməsi qeyri-mümkündür. Bundan sonra ermənilərin tələbləri dəyişdi və 1976-cı ildəki xəritələr əsasında sərhədlərin müəyyən edilməsini ortaya atdılar. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, sərhədlərin müxtəlif yerləri fərqli illərin xəritələrinə əsasən müəyyən olunmalıdır. Qazaxın 4 kəndi 1976-cı ilin xəritəsinə əsasən bizə qaytarılıb. Amma bu o demək deyil ki, sərhədin digər hissələri də həmin ilin xəritələri ilə əsas götürüləcək. Vəziyyət bundan ibarətdir".