Nə Rusiyanın moderator olduğu təşkilatlarda yer alır, nə də Avropa İttifaqı ilə assosiativ saziş bağlayır
"Azərbaycan Cənubi Qafqazda və Şərq tərəfdaşlığı üzv ölkələri arasında müstəqil siyasi gündəmi olan yeganə ölkədir".
Bunu "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında rəqabət Ermənistan və Gürcüstanda siyasi böhrana gətirib çıxarıb. Xüsusilə, Gürcüstanda siyasi situasiya gərgindir və hakim "Gürcü Arzusu" Partiyası payızda seçkilərə gedir:
"Seçkilər öncəsi siyasi gərginlik pik həddə olacaq. Demək olar ki, hakimiyyətin qəbul etdiyi "Xarici agentlər haqqında" qanunundan sonra, bu ölkədə siyasi böhran hökm sürür. Gürcüstan hakimiyyəti öz ənənəvi müttəfiqləri ilə körpüləri yandırmaq kursunu həyata keçirir. "Gürcü Arzusu" Partiyasının əsas siyasi xətti isə müstəqil siyasət aparmaqdır. Amma baş verənlər Gürcüstan üçün müsbət nəticələr vəd etmir. Çünki uzun illər müstəqil siyasəti olmayan bir ölkənin qalxıb, müstəqil siyasət aparırıq kimi mövqeyi Qərb tərəfindən şübhəli qarşılanır. Gürcüstan hakimiyyətinin siyasətində şübhəli məqamlar var. Onlar Kremlə boylanmağa həvəsli görünür. Rəsmi Tbilisi belə bir Rusiya tərəfindən işğal olunmuş əraziləri diplomatik yolla azad etməyi arzu edir.
Gürcüstandan fərqli olaraq Ermənistanda isə Qərb hakimiyyətə dəstək verir. Rusiya da "müqəddəs hərəkat" adı altında din pərdəsinə bürünmüş siyasi müxalifətə dəstək verir. Ümumiyyətlə, Baş nazir Nikol Paşinyanın Rusiyadan uzaqlaşma kursu həyata keçirməsinə baxmayaraq, müstəqil siyasət yürüdən bir sistem qura bilmir. Uzun illər Rusiyanın forpostu olan ölkə, digər güc mərkəzinin forpostu olmağa həvəslə gedir".
Analitik vurğulayıb ki, Qafqazın aparıcı ölkəsi olan Azərbaycan hər iki ölkədən fərqli olaraq Rusiya və Qərblə məsafəli siyasət aparır:
"Azərbaycan öz milli maraqlarını üstün tutaraq, heç bir mərkəzin iradəsi ilə hərəkət etmir. Nə Rusiyanın moderator olduğu təşkilatlarda yer alır, nə də Avropa İttifaqı ilə assosiativ saziş bağlayır. Məhz müstəqil xətt apardığı üçün uzun illər ərzində işğal olunmuş ərazilərini azad etdi. Həmçinin suverenliyini bərpa etdikdən sonra regional əhəmiyyətli bir ölkə statusu aldı. Prezident İlham Əliyev tərəfindən Azərbaycan bu gün müstəqil siyasəti olan, regional nizam yaradan bir ölkədir. Rusiya, Qərb də bu gündəliyi qəbul edib. Azərbaycanın Cənubi Qafqazda sabitləşdirici ölkə kimi Ermənistan və Gürcüstanın müstəqilliyinin qarantı olması da mümkündür".