Qərb də Cənubi Qafqazda sülhə tələsir -PROQNOZ

Baydenlə Makron birgə bəyanatında proseslərə diqqət yönəltməsi heç də təsadüfi deyil


ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar. Bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa rəhbəri Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər. Qeyd edilib ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir. Xatırladaq ki, Co Bayden və Emmanuel Makron iyunun 8-də Parisdə danışıqlar aparıblar. Ukraynada müharibənin daha da şiddətləndiyi və ciddi müzakirələrin getdiyi bir vaxtda ABŞ və Fransa liderlərinin Cənubi Qafqazı “unutmaması” diqqət çəkir. Azərbaycanın İkinci Qarabağ savaşında qələbəsindən və xüsusilə 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı ilə Qarabağda separatizm ocağını tamamilə məhv etməsindən sonra ABŞ, o cümlədən AB-nin lideri olan ölkələrin açıqlamalarında “sərhəd toxunulmazlığı”, “ərazi bütövlüyü” ilə bərabər “ədalətli sülh” ifadəsindən də maksimum istifadə edilir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğalda olarkən Qərbin, eləcə də Rusiyanın verdiyi açıqlamalarda bu “ədalətli sülh”, “suverenlik”, “ərazi bütövlüyü” sözlərinə çox nadir hallarda rast gəlinirdi, bu 3 “prinsipin” bir yerdə səslənməsi isə heç vaxt olmayıb. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, C.Baydenlə E.Makronun Paris görüşünün əsas hədəfi Ukraynada hərbi vəziyyətin kəskinləşməsidir. Ekspertin sözlərinə görə, danışıqlarda prioritet məsələ Rusiyanın durdurulması və hərbi əməliyyatların Avropanın içərilərinə doğru irəliləməsinin qarşısını almaq barədə tədbirlərin görülməsidir: 

"Dünyanın bu problemə daha çox diqqət yetirməsi fonunda Qərbin Cənubi Qafqazdakı proseslərə, Azərbaycan və Ermənistan arasında davam etdirilən demarkasiya və delimitasiya prosesinə xüsusi diqqət yönəltməsi heç də təsadüfi deyil. İlk baxışdan göründüyü kimi çətin də olsa Azərbaycanın dominantlığı, yəni sülhə məcburetmə diqtəsi ilə proses davam edir. Bu fonda Baydenlə Makronun birgə bəyanatda “ərazi bütövlüyü və sərhəd toxunulmazlığı” ifadələrini xüsusi vurğulaması yeni səhifədir. Əslində ABŞ 30 illik işğal dövründə bu tipli prinsipləri hər zaman dəstəkləyən bəyanatlar verib. Amma Makron heç vaxt səmimi olmayıb. Onun şəxsi marağıondan ibarətdir ki, demarkasiya prosesində Ermənistana dəstək olunsun. Çünki, Azərbaycan Prezidentinin Ermənistanla sərhədlərimizin şərti olduğunu vurğulaması Fransanı narahat etməkdədir. Azıərbaycan bu məsələdə gələcəkdə heç bir mübahisə predmeti qalmayan həll yolunu təklif edir. Fransanın dərdi mövcud şərti sərhədlər daxilində tələsik sülh sazişinin imzalanmasıdır. Bu da bizi qane edə bilməz".