Ermənistan konstitusiyasını dəyişib sülhə gəlməlidir -ŞƏRH

O gün çox da uzaqda deyil
 
İrəvanın başqa yolu yoxdur
  
“Hökumət ən tez zamanda yenidən bu məsələyə qayıdacaq və prosesə start verəcək”
 
 
 
 Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib. Prezident vurğulayıb ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir: "Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır". Digər tərəfdən, iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində Azərbaycanın və Ermənistanın bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olması üçün maneələr gördüyünü deyib. Qeyd edək ki, Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində açıq şəkildə qeyd olunur ki, Azərbaycanın "Dağlıq Qarabağ" ərazisi Ermənistana birləşdirilməlidir. Daha sonra Ermənistan konstitusiyasında isə müstəqillik bəyannaməsinə istinad olunaraq, qeyd olunur ki, müstəqillik bəyannaməsində qeyd olunan vəzifələr erməni xalqı və dövləti tərəfindən həyata keçirilməlidir. Bu, açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ermənistan birinci növbədə bunu aradan qaldırmalıdır. Bəyannamənin ikinci hissəsində qeyd olunur ki, qondarma soyqırımı əsas gətirilərək, “Qərbi Ermənistan” adlandırılan Türkiyənin həmsərhəd əraziləri Ermənistana qaytarılmalıdır. Bu da Türkiyəyə ərazi iddialarının irəli sürülməsidir. İndiki şəraitdə Ermənistanın atacağı ilk addım müstəqillik bəyannaməsinə müvafiq və əlavə dəyişikliklərin edilməsidir. Bu məsələ ilə bağlı presedent də var. 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu. Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən eydi. Ş.İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu.
 
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan dövlət başçısı İlham Əliyev bununla bağlı Ermənistan rəhbərliyinə dəfələrlə çağırış edib, mesaj verib. Deputatın sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır:

 "Təəssüflər olsun ki, hələ də Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı iddialar qalmaqdadır. Təbii ki, bunlar qəbuledilməzdir və qalıcı sülhün əldə olunmasında ən böyük təhdiddir. O baxımdan Bakı daim çağırış edir ki, Ermənistan yekun sülhdə maraqlıdırsa, mövcud konstitusiyasında dəyişiklik etməsi mütləqdir. Bir dövlətin əsas qanunvericiliyində digər qonşu ölkəyə ərazi iddiasının qalması və həmin dövlətlər arasında sülhün imzalanması qeyri-mümkündür. Əlbəttə, başa düşürük ki, indiki dönəmdə İrəvan hakimiyyətinin bu dəyişikliyi etməsi asan deyil. Hazırda Ermənistan daxilində gərginlik var, kilsə və revanşistlərin təşkilatçılığı ilə mitinqlər, etiraz aksiyaları davam etməkdədir. Amma İrəvan hökuməti gec-tez bu addımı atmalı, təzyiqləri ortadan qaldırmalıdır. Ermənistanın başqa yolu yoxdur. Əks halda hansısa sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Hesab edirəm ki, İrəvan hökuməti ən tez zamanda yenidən bu məsələyə qayıdacaq və prosesə start verəcək. O günün çox da uzaqda olmadığını düşünürəm".