Azərbaycan bütün versiyaları, riskləri hesablayır
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev növbəti dəfə Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini gündəmə gətirdi. Ölkə başçısı qeyd etdi ki, konstitusiya dəyişmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüzdür. Vurğulamaq lazımdır ki, Azərbaycan sülh sazişinin ən qısa zamanda imzalanmasını istəyir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı dediyi fikirlər də təsdiqləyir: “COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur. Sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək mümkündür. Hətta sazişin layihəsinin də hazırlanma ehtimalı var. Düşünürəm ki, bunun üçün hər iki tərəf ürəkdən çalışmalıdır”. Ölkə başçısının bu fikirlərindən qısa vaxt sonra Nikol Paşinyan da dedi ki, “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, rəsmi Bakı sülhdə maraqlı olmaqla yanaşı, prosesin qalıcı olmasına xüsusi diqqət edir. Ekspertin sözlərinə görə, Ermənistanın mövcud konstitusiyası isə yekun sülhün önündə başlıca maneədir:
"Konstitusiyanın bəzi maddələrində başda Azərbaycan olmaqla ətraf ölkələrə qarşı ərazi iddiaları əks olunub. Bundan başqa, Bakı gələcəkdə Ermənistanın hüquqi bəhanələri ilə sülh müqaviləsini pozmasını, üzərinə götürdüyü öhdəliklərdən yayınmasını istəmir. Müqayisə üçün deyim ki, 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Bu ölkənin konstitusiyasında Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. Təbii ki, situasiyalar fərqli olsa da, Böyük Britaniyanın vaxtilə atdığı bu addım ilə Azərbaycanın bugünkü tələbi eyni məntiqə söykənir. Məhz buna görə ölkə başçısı bu məsələni artıq bir neçə dəfə dilə gətirib. Bundan başqa, rəsmi Bakı Ermənistandakı siyasi prosesləri də yaxından izləyir. Xüsusilə, Qazax-Tavuş istiqamətində demarkasiya işlərinin aparılması fonunda baş verənlər, kilsə-diaspor ittifaqının məhsulu olan keşiş Baqrat Qalstanyanın Paşinyana təzyiqləri Bakının prosesi sürətləndirməsini zəruri edir. Düzdür, Qalstanyan hazırda Paşinyanı devirə biləcək gücə sahib olmasa da, artıq Baş nazir olmaq istəyini açıq şəkildə dilə gətirir".
T.Rzayevin qənaətincə, Nikol Paşinyanın uzun müddət prosesə etinasız yanaşması hazırda Ermənistanı ikinci “2018-ci il ssenarisi” ilə üz-üzə qoyur: "Azərbaycan bütün bu versiyaları, riskləri hesablayır, habelə mövcud reallıqların yaratdığı imkanlardan istifadə edərək sülh müqaviləsini ən qısa zamanda imzalamaq istəyir. Sülhə mane olan bütün detalları, ünsürləri isə qısa zaman kəsiyində aradan qaldırmağı başlıca prioritet olaraq görür".