Parlamentari: Şuşa Bəyannaməsi düşmənə gözdağıdır

Bu sənədlə Azərbaycan və Türkiyənin milli və dövlət maraqlarının ortaq müdafiəsi təmin olunur


  Azərbaycanla Türkiyə arasında müasir tariximizin ən mühüm hadisələrindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış müttəfiqlik haqqında Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin zirvəsidir. Şuşa Bəyannaməsi qardaşlığımızın yeni tarixi mərhələsini təşkil edir. Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları da öz əksini tapıb. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Eyni zamanda Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Azərbaycan və Türkiyə dost, qardaş ölkədir və bizi eyni soy-kök, din, adət-ənənələr birləşdirir. İkinci Qarabağ müharibəsi zamanı bütün dünya bu birliyin, həmrəyliyin şahidi oldu. Müharibənin ilk günlərindən etibarən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı. Bu dəstək indi də davam edir və hər zaman belə olacaq. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi təbii olaraq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmağa imkan verir və bundan sonra da verəcək. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Bəyannamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilib, ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaq. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi-hərbi, diplomatik və iqtisadi uğurudur. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. O baxımdan 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. 

  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Şuşa Bəyannaməsi beynəlxalq münasibətlər sistemində iki müstəqil dövlət arasında təcrübə edilməmiş çox mühüm bir müqavilədir. Deputatın sözlərinə görə, bu, Azərbaycan və Türkiyə münasibətlərinin xarakterindən irəli gəlir: 

"Çünki Azərbaycan, Türkiyə münasibətləri, böyük siyasətçi Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlət" münasibətləridir. Əslində, elə Şuşa Bəyannaməsi də "bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycanın bir millət kimi təhlükəsizliyini, birgə maraqlarını təmin edən mühüm hüquqi siyasi sənəddir. Hazırda beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan tandemi təkcə regional faktor kimi çıxış etmir, həm də qlobal faktora çevrilib. Ona görə də hər iki qardaş ölkənin maraqlarını ifadə edəcək, istinad olunacaq vahid və ortaq bir sənədə ehtiyac var idi. Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilərək dövlət anlaşmasına çevrilməsi də məhz bu zərurətdən irəli gəlir. Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin beynəlxalq münasibətlər sistemində vahid subyekt kimi sinxron hərəkətini təyin edir. Hər iki ölkənin milli və dövlət maraqlarının ortaq müdafiəsi təmin olunur. Amma bu da məsələnin hamısı deyil. Çünki Azərbaycan Prezidenti dedi ki, "bizim ailəmiz Türk dünyasıdır, ona görə ki, bizim başqa ailəmiz yoxdur". Yəni Şuşa Bəyannaməsi digər Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında da imzalana biləcək bir sənəddir".