Baş nazir bəyanatdan sonra xilas yolunun Azərbaycanda olduğunu anlasaydı, yaxşı olardı
Əks halda, Zəngəzurda, Göyçədə delimitasiya-demarkasiya onillərdən sonraya qalacaq
Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini bildirib. Paşinyan feodal klerikal elitaya səslənib: "Siz Ermənistanda hökumət dəyişikliyini həyata keçirə bilməyəcəksiniz, siz gücsüzsünüz". Baş nazir parlamentin qarşısında toqquşmalara görə II Qaregini və Koçaryanı ittiham edib. Parlamentdə çıxış edən Ermənistan hökumətinin başçısı deyib ki, katolikos və Robert Koçaryanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları dünən polislərə hücum edib. Baş nazir təhlükəsizlik qüvvələrinin cavabını qanuni və peşəkar adlandırıb. Bütün belə hallarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu şəkildə hərəkət edəcəklərini vurğulayıb. Ermənistan parlamentinin sədri Alen Simonyanla müxalif deputatlar, o cümlədən “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan arasında da insident yaşanıb. Seyran Ohanyan parlamentin tribunasına qalxaraq Alen Simonyanı “yalan danışmaqda” ittiham edib. Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, mitinqlərdə ilk dəfə bu qədər geniş şəkildə polis-vətəndaş qarşıdurması baş verib. Ekspertin sözlərinə görə, günorta saatlarından gecəyə qədər davam edən kütləvi iğtişaşlar zamanı polislər etirazçılara qarşı səsli qumbaralardan istifadə ediblər, etirazçılardan birinin əli qopub, bir neçəsi yaralanıb:
"Baş nazir Paşinyan və parlamentin spikeri Simonyan polisin hərəkətinə haqq qazandıraraq, onların qanuna uyğun hərəkət etdiklərini bildiriblər. Beynəlxalq təşkilatlar və səfirliklər isə hadisələrin çətirləri altında olan Ermənistanda baş verdiyi üçün susmağa davam edirlər. Hadisələr göstərdi ki, Ermənistan müxalifəti yetəri qədər sosial baza toplaya bilmir. Fotolarda Levon Koçaryanın və digər müxalif qrupların yaxın adamlarının, mühafizənin mitinqlərdə kütləni qarşıdurmaya səsləyən əsas “təxribatçılar” olduqları görünür. Bu fonda, yaxın vaxtlarda Katalikos Vatikana səfər edəcək. Koçaryanın ofisində müxalifətin davamlı görüşləri isə davam edir. Maraqlı məqamlardan biri “Çıxış” hərəkatı ilə hakimiyyətə gələn Nikol Paşinyanın parlamentin iclasında emosiyalarını gizlədə bilməməsi və KTMT-dən çıxacaqlarını faktiki olaraq bəyan etməsi oldu. Bu, Moskvanın son həmlələrinə baxmayaraq, Paşinyanın fikrindən dönmədiyinin sübutudur. Vaxtilə Ukraynanın Aİ-yə inteqrasiyası ilə bağlı açıqlamalar verilirdi. Nədənsə, həmin proseslərin qarşısı alınmadı və ərazi bütövlüyü ilə bağlı vəziyyəti hər kəs bilir. İndi də Ermənistan rəhbərliyi fikrində qətidir və hələlik proseslərə nə cənubdan, nə şimaldan ciddi müdaxilə var".
Z.Məmmədov vurğulayıb ki, Ermənistanın baş naziri ciddi bəyanatdan sonra xilas yolunun Azərbaycanda olduğunu anlasaydı, yaxşı olardı: "Ermənistan yeni konstitusiya qəbul etməlidir və mətn imzalanmalıdır. Əks halda, Zəngəzurda, Göyçədə delimitasiya-demarkasiya onillərdən sonraya qalacaq. Maraqlı nüanslardan biri İranın prezidenti vəzifəsini icra edən şəxsin son bəyanatıdır. Bəyanatda vurğulanıb ki, "Zəngəzurda sərhədlər və demoqrarik vəziyyət dəyişilməməlidir". Əgər indiyə qədər sərhədlərin dəyişilməsi "qırmızı cizgi" kimi bəyan edilirdisə, son çıxışlardan birində demoqrafik status-kvonun da dəyişilməsinə qarşı çıxıldı. Hadisələrin gedişatı isə qayıdış prosesini tezləşdirir. Əlbəttə, orada demoqrafik vəziyyət dəyişəcək. Bu, labüddür. Azərbaycanlılar o torpaqlarda yaşayıb yaradacaq".