YENİ DÖVR BAŞLAYIR: Şəhərdə səs-küy, hava çirkliyi azalacaq - TƏHLİL

2025-ci ildən elektromobillərin istifadəsi sahəsində sıçrayış baş verəcək


Avtomobillərin çoxalması nəticəsində havanın çirklənməsi artır və bu hal elektromobillərə keçidi daha da sürətləndirir. Atmosferə atılan zərərli qazların emissiyasını azaltmaq və elektromobillərə keçidi sürətləndirmək üçün əksər ölkələrdə Aİ-92 markaları benzin artıq istehsal olunmur və satılmır. Aİ-92 markalı benzin və dizel yanacağının istifadəsi ətraf mühitə və iqtisadiyyata ciddi mənfi təsir göstərir. İstixana qazlarının, azot oksidlərinin və hissəciklərin emissiyaları havanın keyfiyyətinin pisləşməsinə, xəstəliklərin artmasına və əhəmiyyətli iqtisadi itkilərə səbəb olur.

 Bu nəticələri minimuma endirmək üçün alternativ enerji mənbələrini fəal şəkildə inkişaf etdirmək, ekoloji proqramlara sərmayə qoymaq və ekoloji cəhətdən təmiz texnologiyalardan istifadəni təşviq etmək lazımdır. Hazırda elektromobillərə keçid üçün beynəlxalq səviyyədə fəal tədbirlər həyata keçirilir. Bunun bariz nümunəsi odur ki, Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatı artıq 2035-ci ildən mümkün olmayacaq. 

Azərbaycanda elektromobillərə keçid prosesi hansı mərhələdədir? 

Karbon emissiyalarının azaldılmasında, eneji səmərəliliyinin yüksəlməsində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolu nəzərə alınaraq ölkəmizdə bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırılması istiqamətində tədbirlər görülür. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan hibrid avtomobil və elektromobillərin sayı ildən-ildə artır. Əgər 2021-ci ildə ölkəyə 12.9 min hibrid avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 14.1 min təşkil edib. Həmçinin, 2021-ci ildə elektromobillərin ölkəyə idxalı 0.12 min səviyyəsində idisə, 2023-cü ildə bu göstərici 3.1 minə yüksəlib. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə daxiliyanma mühərriklərindən imtina faizinin artacağı şübhə doğurmur. Daxiliyanma mühərriklərindən imtina ekoloji baxımdan sərfəli olduğu kimi COP29-a ev sahibliyi edən Azərbaycanın bu sahədə də dünyaya nümunə olması ölkənin imici baxımından vacibdir. Elektromobillərə keçidlə daxiliyanma mühərrikli avtomobillərdən atmosferə atılan tullantıların miqdarını minimuma endirə, planetimizdə daha dayanıqlı ekoloji vəziyyət yarada bilərik. 

Benzin və dizel mühərrikli avtomobillərdən imtina zəruridir

Elektromobilə olan tələbatı nəzərə alaraq Azərbaycanda növbəti illərdə bu tip avtomobillərin istehsalı və ixracı ilə bağlı layihələr gözlənilir. Ümumilikdə 2024-cü ildə Azərbaycanda 8 min avtomobil istehsalı nəzərdə tutulub ki, bunlardan 6 mini minik avtomobilləri, 2 mini isə yük avtomobilləri və avtobuslardır. İcraçı direktorun sözlərinə görə, avtomobillərin qiyməti 17 min 800 manatdan başlayır və bu rəqəm 160 min manata qədər dəyişir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 faiz artıb) yük avtomobili və 948 ədəd (24,7 faiz) minik avtomobili istehsal edilib. Son illər Azərbaycan neft emalı sənayesini müasirləşdirmək üçün fəal addımlar atır. Bu tədbirlər daha təmiz texnologiyalara qlobal keçid kontekstində xüsusilə vacibdir. Hətta Azərbaycanda elektriklə işləyən avtomobillər üçün enerji doldurma məntəqələri quraşdırılır. Hazırda belə məntəqələrə yalnız Bakı şəhərinin bəzi yerlərində rast gəlmək mümkündür. Bu məsələ Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” 7 mart 2024-cü il tarixli Sərəncamında öz əksini tapıb. Dövlət başçısının imzaladığı sənəddə qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda 2021-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün tələb olunan ikinci və üçüncü səviyyəli doldurma avadanlıqları, eləcə də onların Azərbaycana idxalı və ölkə ərazisində satışı 3 il müddətinə, 2025-ci il yanvarın 1-dək əlavə dəyər vergisindən azad olunub. 

Azərbaycana 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromobil idxal olunub

Bununla belə, qeyd etmək lazımdır ki, Aİ-92 benzini və dizel yanacağı hələ də bazarda üstünlük təşkil edir ki, bu da ölkənin ekoloji transformasiyasını əhəmiyyətli dərəcədə ləngidir. Bu yanacaq növlərinin populyarlığının səbəblərindən biri də Aİ-92 markalı benzinin keyfiyyətinin aşağı olması ilə əlaqədar onların münasib qiymətidir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir. Ölkəmizdə elektromobillərdən istifadənin təşviqini nəzərdə tutan sərəncam bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ekspertlər hesab edirlər ki, yaxın illərdə Azərbaycanda elektriklə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov da bildirib ki, bu il ərzində ölkəmizdə elektromobilliklə bağlı geniş proqram təsdiq olunacaq. Onun sözlərinə görə, 2025-ci ildən sonra Azərbaycanda elektrik avtomobillərin istifadəsi sahəsində sıçrayış baş verəcək. Qeyd edək ki, 2024-cü ilin ilk ayında Azərbaycana 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromobil idxal olunub. Dövlət Gömrük Komitəsinin bununla bağlı hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektromobil­lər dəyər ifadəsi ilə 4 milyon 725 min dol­lar və ya 95,7 faiz, miqdar ifadəsi ilə 120 ədəd və ya iki dəfə artıb. 

Ekoloji təmiz və qənaətcil nəqliyyat vasitələri - elektromobillər...

Qənaətciliyi, ekoloji cəhətdən sərfəliyi, qiymətin ucuzluğu və dövlətin buna dəstəyi qiymətə təsir göstərərək yeni avtomobil əldə etmək istəyənlərə bu tip avtomobil seçməyə imkan verir. Elektromobilin ehtiyat hissələri və parçaları daxiliyanma mühərriklərinə nisbətən daha azdır, onda batareyadır. Hazırda gömrük rüsumu və əlavə dəyər vergisi tətbiq edilmir. Xaricdən idxal olunanlara ƏDV və gömrük rüsumu alınmır. Mühərrik işhəcmi olmadığına görə, aksiz vergisi də alınmır. Tam sıfır vergi ödəməklə xaricdən ölkəyə elektromobillər gətirilə bilir. Bu avtomobillər qalıq yanacaqlardan asılılığı azaltmaqla ekoloji cəhətdən təmiz bir alternativ təklif edir. Elektrikli avtomobillərin müxtəlif modelləri mövcuddur. Ənənəvi avtomobillər kimi, müxtəlif marka və istehsalçıların elektrik avtomobil modelləri də var. Bu modellər müxtəlif diapazon tutumlarına, sürətlərə və xüsusiyyətlərə malikdir. Elektrikli avtomobillərin üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Səssiz işləmə xüsusiyyəti sayəsində şəhər nəqliyyatında səs-küy çirkliliyini də azaldır. Bu avtomobillərin bir çox iqtisadi üstünlükləri var. Əvvəla, elektrik avtomobillərin qiymətləri hər gün daha münasib olur və uzunmüddətli perspektivdə yanacaq xərclərinə qənaət edəcəksiniz. Digər üstünlük isə elektrik nəqliyyat vasitələrinin şarj haqqıdır. Elektrikli avtomobilləri doldurmaq üçün enerji xərcləri benzin və ya dizel yanacağından xeyli aşağıdır. Evdə və ya işdə istifadə edə biləcəyiniz doldurma stansiyaları sayəsində avtomobilinizi az xərclə asanlıqla doldura bilərsiniz. Benzin və ya dizellə işləyən avtomobillərlə müqayisədə elektrik avtomobilləri daha az enerji sərf edir ki, bu da sizə uzun müddətdə əhəmiyyətli qənaət imkanı verir. Bütün bu amilləri nəzərə alsaq, iqtisadi baxımdan elektrik avtomobili almağın bir çox üstünlükləri var.