ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.
Hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb. Tramp qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk edib. Tribunadan düşərkən onun qulağının qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsilə canlı yayımlanıb.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatlarında siyasi sui-qəsd halları bundan əvvəl də baş verib:
“İndiyə qədər qətliamın arxasında dayanan siyasi səbəblə bağlı müxtəlif spekulyasiyalar ortada olsa da, rəsmi şəkildə heç bir faktlar ictimaiyyətə təqdim edilməyib. Prezident seçkiləri ərəfəsində ABŞ-də vəziyyətin gərginləşəcəyi gözlənilirdi. İnsanların bir qismi Co Baydenin yanlış qərarlarından bezdiklərini bildirərək, istəsələr də, istəməsələr də Donald Trampın ətrafında birləşəcəklərini vurğulayırdılar. Fikrimcə, Donald Trampın beynəlxalq münasibətlərlə bağlı mövqeyi daha adekvatdır. Respubilikaçılarla Demokratların coğrafiyalara yanaşmasında, xarici siyasətində və ölkə daxilindəki iqtisadi, siyasi məsələlərdə mövqeyi biri-birindən kifayət qədər fərqlənir. Ona görə də belə fərqli fikirləri dayandırmaq üçün bu cür hadisələr baş tutur”.
Ekspert qeyd edib ki, bundan əvvəlki seçkilərdə Baydenin qələbəsindən sonra Donald Trump açıq şəkildə respubilikaçıların səslərinin oğurlandığını iddia etdi:
“Bu məsələni Qərb mediası ciddi təhlil etməsə də, digər ölkələrə seçki prosesi ilə bağlı ağıl verməyə çalışan Amerika üçün biyabırçılıq idi. Hesab edirəm ki, Trumpın ötən seçkilərdə məğlubiyyətindəki iddiaları, daha sonra ona qarşı məhkəmə işlərinin qaldırılması prosesləri ləngitməyə hesablanmışdı. İndi də Trumpa qarşı sui-qəsd onun ABŞ-də iqtidara gəlmək şansının qarşısını almaq üçün qeyri-hüquqi bütün addımların atıla biləcəyindən xəbər verir”.