Qərb Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil
“Yaxşı olar ki, ABŞ və Avropa Birliyi səmimi və ədalətli olsunlar. Onlar üçün Azərbaycan Ermənistandan daha vacibdir. Çünki biz Ermənistan kimi dilənçi ölkə deyilik”
ABŞ Ermənistan ordusuna məsləhətçi qismində dəstək verir. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi ABŞ dövlət katibinin müavini Uzra Zeyin ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağına dair məlumata münasibət bildirərkən deyib. Qeyd olunub ki, təkcə rəsmi Vaşinqton yox, digər tərəfdaşları da Ermənistan ordusuna qısamüddətli və uzunmüddətli razılaşmalar əsasında köməklik göstərməkdə davam edir. ABŞ-nin Ermənistan ordusuna təyin etdiyi şəxslə bağlı yeni detallar bəlli olub. Nəzarətçi şəxs Dövlət Departamentindən mülki konsultant olacaq. Onun Ermənistan Müdafiə Nazirliyindəki fəaliyyətinə görə ödənişi ABŞ edəcək. Vurğulanıb ki, ABŞ ordusunun Ermənistan Müdafiə Nazirliyinə nümayəndəsini təyin etməklə Vaşinqton İrəvana təhlükəsizlik sektorunun idarə edilməsinin təkmilləşdirilməsində dəstək vermək niyyətindədir. Bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək. Erməni hərbi ekspert Hayk Nahapetyan bildirib ki, Ermənistanın müdafiə naziri və Baş Qərargah rəisi həmin işçiyə hesabat verəcək: “Əgər işçinin vəzifə təlimatında “mülki” sözü yazılıbsa, bu, onun kəşfiyyat işləri aparmayacağı anlamına gəlmir. Məsələn, Aİ-nin Ermənistanda yerləşən müşahidəçilərinə də “mülki” sözü qeyd edilib, lakin onların hamısı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır”. Nahapetyan amerikalı rəsminin Ermənistan ordusunda işlədiyinə görə ABŞ Dövlət Departamentindən maaş alacağına diqqət çəkib: “ABŞ ordusunun nümayəndəsi olsaydı, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsi olsaydı, həmin struktur tərəfindən maliyyələşdirilərdi. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir, Dövlət Departamenti isə ABŞ tərəfindən işğal olunmuş dövlətləri istismar və idarə edən bir qurumdur. Ciddi problemlər yaranacaq. Rusiya bu təyinatın mənasını anlayır".
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, ABŞ dövlət katibinin köməkçisi Uzra Zeyin dediyi kimi, Amerika Ermənistan ordusuna ancaq məsləhətçi göndərməklə kifayətlənmir. Deputatın sözlərinə görə, həm də Ermənistanla birgə hərbi təlimlər keçirir, maliyyə dəstəyi göstərilir:
"ABŞ erməni ordusunu NATO standartlarına uyğunlaşdırmaq üçün Müdafiə Nazirliyində nümayəndəsini təyin edib. O cümlədən Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən, özünü sülhün dəstəkçisi kimi göstərən Avropa Birliyi də Ermənistana hərbi dəstək göstərir. 3 ildir ki, Avropa İttifaqı "monitorinq missiyası" adı altında hərbçilərdən ibarət kəşfiyyat qrupunu Ermənistana göndərib. Bu azmış kimi Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana 10 milyon dollar hərbi dəstək göndərir. Təsəvvür edirsizmi, Sülh Fondu hərbi dəstək göndərir. Bu, faciədir. Deməli, Sülh Fondunun məqsədi heç də sülh deyil. Necə olur ki, Qərb bir tərəfdən sülhdən və əməkdaşlıqdan danışır, digər tərəfdən, Ermənistanı silahlandırır və yenidən müharibəyə hazırlayır? Qərbin bu hərəkətləri sözlərində heç də səmimi olmadığını, regionda yenidən gərginliyin yaranmasına təkan verməyə çalışdığını göstərir".
Parlamentari bəyan edib ki, Qərb ölkələrinin, o cümlədən ABŞ-nin təmsil olunduğu ATƏT-in Minsk qrupu 28 il sülh yolu ilə torpaqlarımızın azad olunacağı nağılını oxuyub:
"Nəticədə özümüz problemimizi həll etdik. İndi Qərb yenidən "sülhə dəstək" təşəbbüsləri ilə bizi arxayınlaşdırmaq niyyəti güdür. Lakin açıq, yaxud gizli şəkildə Ermənistanı siahlandırır. Aydın görünür ki, Qərb Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil. Sülhlə bağlı dedikləri də cəfəngiyatdır. ABŞ və Avropa Azərbaycan kimi sözünü deyən ölkəni heç vaxt istəməzlər. Cənubi Qafqazın digər dövlətlərinin də onların qabağında diz çökməsini, Ermənistan kimi əyilib-bükülməsini istəyirlər. Amma unudurlar ki, Azərbaycan Ermənistan deyil və Qərbin qarşısında heç vaxt əyilməyəcək. Lazım gələndə cavab verməyə sözümüz də var, gücümüz də. Yaxşı olar ki, ABŞ və Avropa Birliyi səmimi və ədalətli olsunlar. Onlar üçün Azərbaycan Ermənistandan daha vacibdir. Çünki biz Ermənistan kimi dilənçi ölkə deyilik".