Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropaya yaşıl enerji ixracı layihəsini həyata keçirmək üçün Bakıda birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən ilk görüşündə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov deyib.
“Mərkəzi Asiyadan Azərbaycana və daha da Avropaya yaşıl enerji ixracı məqsədi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası çərçivəsində yaxşı dinamika və irəliləyiş var. Tərəflər layihənin həyata keçirilməsi məqsədi ilə ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üçün texniki tapşırıq barədə razılığa gəliblər. Birgə işçi qrupu Bakıda milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması ilə bağlı razılıq əldə edib”, - deyə nazir müaviqi qeyd edib.
Onun sözlərinə görə, tərəflər yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında razılaşma layihəsinin mətnini də razılaşdırıblar.
Orxan Zeynalov hesab edir ki, sənədin yüksək səviyyədə tezliklə imzalanmasının layihənin uğurla həyata keçirilməsinə töhfə verəcək
“Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri yaşıl enerjinin Mərkəzi Asiya ölkələrindən Avropaya ötürülməsi üçün geniş perspektivlər açır” – nazir müavini vurğulayıb.