Parlamentari: İdmançılarımız ən yüksək qiymətə layiq olmalıdır

Azərbaycan güclü idman dövlətidir

“Azərbaycan Prezidentinin idmançılarla görüşməsi həm də yeni və gənc nəslin idmanla məşğul olması üçün çox mühüm motivasiyadır”


  Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlət başçısı ölkəmizin idman sahəsindəki uğurlarından, bu sahəyə göstərilən yüksək diqqət, qayğıdan və bunun nəticəsindən danışıb. Ölkə rəhbəri qeyd edib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır: “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir”. Ölkə rəhbəri qeyd edib ki, müsəlman ölkələr arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb: "Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş ediblər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq ediblər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır". Prezident bəyan edib ki, daha çox medal qazana bilərdik: "Bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir". Ölkə rəhbəri qeyd edib ki, uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyi sözlər və verdiyi tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin: "İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik". 
 
 Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və Parisdə keçirilən Yay Olimpiadasında Azərbaycan idmançılarının nə qədər böyük imkanlara sahib olduğunu gördük. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti Olimpiya Oyunlarından qayıdan idmançıları qəbul edərkən bu məsələyə toxundu: 

"İdman siyasəti Azərbaycanda ardıcıl və davamlıdır. İdmanın inkişaf dinamikası göz önündədir. Müstəqillik əldə etdikdən sonra Olimpiadada əldə etdiyimiz medalların statistikasına baxsaq görəcəyik ki, sonuncu yarışlarda göstəriciləri bir qədər də yaxşılaşdırdıq. Əlbəttə, bu, böyük nailiyyətdir. Nəticə etibarı ilə Olimpiya Oyunları idmançılar içərisində ən seçilmişlərin mübarizəsidir. Dünya sıralamasında 30-cu yeri əldə etmək olduqca böyük uğur və nailiyyətdir. Amma bu, sırf idman mübarizəsi kontekstində belədir. Məsələ ondadır ki, idman sadəcə idman hadisəsi deyil. Düşünürəm ki, Azərbaycan gəncliyi üçün ən əhəmiyyətli məsələlərdən biri budur. Yəni idman hər şeydən öncə sağlamlıqdır. Əgər Azərbaycan bu gün bir Olimpiya çempionu yetişdirə bilirsə, deməli yüzlərlə, minlərlə yarışçının içərisindən seçilib. Geriyə baxdıqca burada geniş kütlə görəcəyik. Olimpiya Oyunlarına idmançı çıxarmaq minlərlə Azərbaycan gəncinin idman fəaliyyətinin nəticəsidir. Onlardan isə ən güclüləri seçilir". 
  
Parlament üzvü əlavə edib ki, Azərbaycanda imdan kütləvidir: 
"İdman sağlamlıqdır, idmançıların zərərli vərdişləri olmur. Xüsusən indiki dövrdə ölkələr səssiz müharibələrlə üz-üzədir. Narkotiklə, digər pis vərdişlərlə ölkənin gənclərini hədəf kimi seçirlər. İdman gənclərimizi belə vərdişlərdən kənarda saxlayır. Ona görə də düşünürəm ki, Azərbaycan Prezidentinin idmançılarla görüşməsi həm də yeni və gənc nəslin idmanla məşğul olması üçün çox mühüm motivasiyadır. Ayrıca, çempionlarımıza və medal qazanan digər idmançılarımıza verilən maddi vəsaitin özü də xüsusi stimuldur. Bu, gəncləri idmanla məşğul olmağa həvəsləndirir. Şübhəsiz, bunların hamısı Azərbaycan dövlətinin, rəhbərliyinin idman siyasətinin nəticəsidir".