“Kiyev bütün qonşuları ilə sülh şəraitində yaşamaq və müharibənin bitməsini istəyir”Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Hürriyət”ə müsahibəsində deyib. O bildirib ki, hətta bu müharibənin heç başlamamasını istəyərdik. Amma bu müharibə həyatda qalmaq üçündür. Rusiyanın məqsədi Ukraynanı tamamilə məhv etməkdir. İndi müharibəni bitirsək belə, sabah Rusiyanın güc toplayaraq yenidən hücuma keçməyəcəyi barədə zəmanət yoxdur. Bu vəziyyət bütün region üçün təhdid yaradır. Ona görə də bütün tərəflərdən xahişimiz ədalətli sülhə töhfə verməkdir. V.Bodnar vurğulayıb ki, dünyanın təhlükəsizlik sistemi inkişaf etməlidir: “Çünki mövcud sistem müharibələrin başlanmasının qarşısının alınması və davam edən toqquşmaların dayandırılması üçün kifayət deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya, həqiqətən, beşdən böyükdür. BMT Təhlükəsizlik Şurasının üzvləri missiyalarına zidd olaraq beynəlxalq hüququ görməzdən gəlirlər. Bu baxımdan daha da inkişaf etmiş beynəlxalq təhlükəsizlik sisteminin qurulmasına ehtiyac var. Biz həm də Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını istəyirik”. Eyni zamanda qeyd edib ki, Ukraynadakı əsas problem elektriklə bağlıdır: “Ərzaq problemi isə yoxdur. Əsas çətinlik elektriklə bağlıdır. Aralarında Türkiyənin də olduğu tərəfdaşlarımız bizə bu məsələdə humanitar kömək edirlər. Xalqımız zəfərə inanır. Ona görə də bütün çətinliklərə rəğmən, mübarizə aparır”.
Vasili Bodnarın fikirlərini “Sherg.az”a dəyərləndirən “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov söyləyib ki, Ukrayna və Rusiya arasında müharibə artıq yeni fazaya daxil olub:
“Ukraynanın Kursk bölgəsinə hücumundan sonra savaş Rusiya ərazisinə keçib. Bu hadisə isə yeni reallıqlar formalaşdırıb. Ukraynanın Kursk vilayətində möhkəmlənməsindən sonra tərəflərdən hansınınsa, ərazi mübadiləsi üçün təklif irəli sürməsi gözləniləndir. Əgər sözegedən məsələ reallaşarsa, bu sülh danışıqları üçün ilkin mərhələ ola bilər. Amma Qərb dövlətləri bu kimi cəhdlərin qarşısını almağa çalışacaqlar. Hazırda Ukraynada durum olduqca gərgindir və prespektivdə sülh görsənmir. Amerika Birləşmiş Ştatları Ukraynada bataqlıq yaradıb və Rusiyanı ora salıb. Belə görünür ki, ABŞ nə zaman istəsə, müharibə həmin vaxt bitəcək. Çünki indiki situasiyada Amerika Kiyevi dəstəkləyir və silah-sursat göndərərək müharibənin uzanmasına töhfə verir. Ukraynaya dəstək isə sadəcə olaraq qarşı tərəfə müqavimət göstərməsi həcmindədir. ABŞ mümkün qədər müharibəni uzatmağa çalışır. Hansısa üçüncü qüvvənin, xüsusilə də Türkiyənin sülh danışıqları üçün səyləri effektsizdi. Çünki Türkiyə qarşıdurmada olan tərəflərlə yanaşı rəsmi Vaşinqtonla da danışıqlar aparmalıdır”.