Nikolun ikibaşlı oyunu: Əgər Paşinyan sülh istəsəydi... -ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionun digər ölkələrinə də fayda gətirəcək. O qeyd edib ki, sülhün benefisiarları təkcə Ermənistan və Azərbaycan deyil, Gürcüstan, Türkiyə və İran da ondan bərabər şəkildə faydalanacaq. Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var. N.Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinin təxminən 80%-ni razılaşdıra biliblər. Biz Azərbaycanı sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və yaxın vaxtlarda müzakirələri davam etdirməyi təklif etdik.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Nikol Paşinyan çox qeyri-səmimi adamdır. Çünki bir tərəfdən sülhlə bağlı açıqlamalar verir, digər tərəfdən isə praktiki addımlarla sülhü əngəlləməyə çalışır:

“Bu gün Ermənistan hakimiyyəti kifayət qədər qeyri-səmimi xüsusiyyəti ilə xarakterizə edilir. Həmçinin Ermənistan siyasi xadimləri və ictimai mühiti dezinformasiya və Azərbaycan əleyhinə saxta məlumatlar yaymaqla məşğuldur. Nikol Paşinyan isə sülhün regional faydalarından danışsa da, reallıqda Azərbaycanla şərti sərhəddə gərginliyi artırır. Ötən həftə “Formula 1” ərəfəsində Ermənistanın Naxçıvan istiqamətində törətdiyi təxribatlar da bunu bir daha sübuta yetirir. Bir sözlə Ermənistan sadəcə olaraq öz havadarlarına və onu dəstəkləyən xarici qüvvələrə mesaj ötürməyə çalışır ki, guya sülhə sadiqdir. Amma reallıqda atılan addımlar Ermənistanın sülhlə yaxından və uzaqdan əlaqəsinin olmadığını göstərir. Əgər Paşinyan sülh istəsəydi, Azərbaycanın diqtə etdiyi beynəlxalq hüquqa əsaslanan şərtlərlə çoxdan razılaşardı”.