İranın Zəngəzur ritorikası: Tehran Moskva ilə Qərbi dəyişməyə hazırlaşır

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki parlamentin iclasında  bildirib ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyaları qəbuledilməzdir. O bildirib ki, bu yaxınlarda Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlament üçün qəbuledilməzdir, ona görə də Xarici İşlər Nazirliyi bu münasibətlə Rusiyaya ciddi xəbərdarlıq etməlidir.  O xatırladıb ki, İran Ukrayna müharibəsində Rusiyanın tərəfində olmaqda ittiham olunur, ruslar isə İranın üç adasını (Böyük və Kiçik Tunb və Əbu Musa – red.) Birləşmiş Ərəb Əmirliklərinə aid hesab edir və Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürürlər.Məlaki həmçinin vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır və bu, İran üçün də qəbuledilməzdir. 

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Tehran hakimiyyəti Zəngəzur yoluyla bağlı problemlərini müxtəlif səviyyələrdə dilə gətirirlər:

“İran öz mövqeyini  3 il öncə Ali rəhbər Xamanei tərəfindən söyləyib. İran Zəngəzur dəhlizini bəhanə gətirərək bildirir ki, ərazilərin dəyişilməzliyi və kommunikasiya xətti ilə bağlı yeni formatları qəbul etməyəcəklər. Eyni zamanda bunu özlərinin qırmızı xətti adlandırır. Digər tərəfdən isə bir müddət öncə Rusiya və İranın xarici işlər nazirinin müavinləri Ermənistanda səfərdə olub. Həmçinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu yaxınlarda Rusiyaya getmişdi. O, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya prezidenti Vladimir Putinlə görüşüb və sözügedən məsələləri müzakirə etdilər. Bu görüşlər çərçivəsində isə Rusiya və Ermənistan tərəfindən İranı qane edən cavab əldə edilməyib. İndi isə parlamentdə bu tip məsələləri müzakirə edirlər. Görünən odur ki, Rusiya və İran arasında sözügedən məsələ ilə bağlı bir müddət də fikir mübadiləsi olacaq. Bir neçə il öncə İran parlamentinin üzvləri açıqlama vermişdilər ki, Rusiya heç vaxt dostumuz olmayıb və bizim ən yaxın müttəfiqimiz ingilislər olub. Çox güman ki, İran Rusiyaya belə münasibət bəsləməklə rəsmi Moskva ilə Qərbi dəyişməyə hazırlaşır”.