30 il Azərbaycan torpaqlarında vandallıq ediblər

Ermənistan beynəlxalq məhkəmə qarşısında mütləq cavab verəcək
 
“Dağılan obyektlər, yerlə yeksan edilən kəndlər, şəhərlər, torpaq mühitinə vurulan ziyan, təbii ehtiyatların vəhşicəsinə istismar olunması və digər cinayətlər rəsmiləşdirilir”
 
 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
;
 
 
 İşğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların məzarlıqlarının aşkarlanması davam edir. Hazırda Baş Prokurorluq tərəfindən erməni qəddarlığının qurbanı olmuş soydaşlarımızın meyitlərinin ekspertizası prosesi aparılır. Statistikaya görə, 44 günlük Vətən müharibəsindən sonra 600-dən çox şəxsə aid meyit qalıqları tapılıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları tapılıb. Sözsüz ki, bütün bunlar Ermənistanın və artıq tarixə qovuşmuş qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin törətdiyi müharibə cinayətlərinin sadəcə müəyyən bir hissəsidir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın sayı da az deyil. Təxminən, 4 minə yaxın azərbaycanlı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Araşdırmalar nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər dəfn edilərkən "Hərbi əsirlərlə rəftara dair", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" konvensiyaların müddəalarının kobud surətdə pozulması faktı üzə çıxıb. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü və işğalçılıq siyasətinin acı nəticələrindən biri də, Azərbaycanın mədəni irsinin hədəf alınması və işğal edilmiş ərazilərdə yerləşən mədəni irs obyektlərinin məhv edilməsi və ya zədələnməsidir. 2 milyon yaşı olan Azıx mağarasının yerləşdiyi Qarabağ ərazisində aşkar edilmiş, əksəriyyəti ölkə və dünya əhəmiyyətli mədəni irs obyektləri: daş abidələr - Xocalıdakı dolmenlər, Xankəndidəki kromlexlər, qədim albanlara məxsus abidələr - Qanzasar, Amaras məbədləri, islama aid abidələr - Ağdam Cümə məscidi, Hacı Ələsgər məscidi və s. tarixin müvafiq dövrlərinin ideologiyasını, mənəvi düşüncəsini əks etdirən maddi mədəniyyət nişanələri olmaqla 30 ilə yaxın müddətdə davam edən  erməni təcavüzünün qurbanı olub. Ölkə və dünya əhəmiyyətli 100 mindən artıq mədəniyyət nümunəsi dağıdılıb, qəsb edilib, 500 tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin əksəriyyəti tamamilə və ya qismən dağıdılıb. Minlərlə yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub. Dövlət siyasətini özündə ehtiva edən bu hərəkətlər qeyri-hüquqi olmaqla Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasını şərtləndirir.
 Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının iştirakçılarına müraciətində erməni quldurlarının cinayətlərinə toxunub. Dövlət başçısı müraciətində vurğulayıb ki, Azərbaycan uzun müddət Ermənistan tərəfindən işğal və hərbi təcavüzə məruz qalıb. Ölkə rəhbəri qeyd edib ki, işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilib: "Nəhayət, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşüb. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilib və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir. Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilib. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir". Bundan əlavə ermənilərin Ermənistan ərazisindəki azərbaycanlılara məxsus qəbirləri dağıtmasını, təhqir etməsini əks etdirən videogörüntülər də çıxıb. Bu barədə sosial şəbəkələrdə ermənilər özləri görüntü yayıb. “Bez Tormozov”un təqdim etdiyi videoda bir neçə erməninin dağıtdıqları qəbirləri necə təhqir etmələri əks olunub. Qeyd edək ki, görüntüdə təhqir edilən məzarlardan birinin üstündəki ad aydın oxunub: - "Gülzadə Məhərrəm qızı Kərimova".
 
Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən "Sherg.az”a danışan politoloq Abutalıb Səmədov deyib ki, ermənilər 30 ildə Azərbaycana qarşı törətdikləri törətdiyi cinayətlərə görə mütləq cavab verməlidir. Ekspertin sözlərinə görə, həmin cinayətlər o qədər böyükdür ki, ermənilərin Azərbaycana vurduğu ziyanın miqyası o qədər əhatəlidir ki, kifayət qədər ciddi iş görülməsini tələb edir:

 "Bu səbəbdən xarici mütəxəssislər də cəlb edilməklə Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlər sənədləşdirilir. Dağılan obyektlər, yerlə yeksan edilən kəndlər, şəhərlər, torpaq mühitinə vurulan ziyan, təbii ehtiyatların vəhşicəsinə istismar olunması və digər cinayətlər rəsmiləşdirilir. Ermənistan beynəlxalq məhkəmə qarşısında bu cinayətlərə görə mütləq cavab verəcək. Ancaq digər tərəfdən, sülh sazişinin imzalanması istiqamətində proses gedir. Azərbaycan tərəfi qonşu dövlətlə düşmənçiliyin mümkün qədər tez aradan götürülməsində maraqlıdır və bu istiqamətdə əlindən gələni edir. Çünki iki dövlət arasında imzalanacaq sülh sazişi o vaxt etibarlı olar ki, xalqlar arasında sülh və etimad olsun. Bu istiqamətdə aparılan iş Azərbaycan dövlətinin maraqlarına cavab verir. Lakin biz heç vaxt Ermənistan tərəfindən törədilmiş ağlasığmaz hərbi cinayətlərin yaddan çıxmasına imkan verə bilmərik. O baxımdan istənilən şəraitdə, hüquqi müstəvidə Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsinə çalışırıq və bundan sonra da çalışacağıq. Ancaq eyni zamanda ermənilərə onu anlatmağa çalışırıq ki, xalqlar arasında, xüsusilə qonşular arasında dostluq olmadan yaşamaq hər iki dövlətin maraqlarına ziddir. Ona görə də düşmənçilik təbliğatına son qoyulmalıdır. Ermənilərin günahı ucbatından baş verən düşmənçilik və onun yaratdığı fəsadlar zamanla aradan qaldırılmalıdır. Yalnız bundan sonra sülh sazişinin imzalanmasının bir əhəmiyyəti ola bilər".