Bununla belə Ermənistan tərəfinin Bakıdan bir xahişi var
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 sammitində iştirak etmək niyyətindədir. Bu iddia ilə “Hraparak” çıxış edib. Qəzet yazıb ki, Mirzoyan ötən gün hakim Mülki Müqavilə Partiyasının iclasında COP29-da iştirak etmək niyyətində olduğunu, Baş nazir Nikol Paşinyanın razılığı ilə Bakıya səfəri zamanı erməni diversantların danışıqlar çərçivəsində qaytarılmasını istəyəcəyini bildirib. Məlumata görə, XİN başçısının haqqında danışdığı şəxslər separatçı liderlər deyil, sayları elə də çox olmayan bir neçə diversantdır. Lakin Mirzoyanın Bakıda sadəcə onların qaytarılması şərtini irəli sürəcəyi, bunu ciddi şəkildə tələb etməyəcəyi qeyd olunur. O, diversantlar qaytarılmasa belə, sammitə qatılıb bu məsələdə müzakirə aparacağını deyib. Nəşr bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan yaxın vaxtlarda diversantların ölkəyə qaytarılması ilə bağlı Azərbaycanla müzakirələrin ola biləcəyini desə də, dəqiq vaxt açıqlamayıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az”a bildirib ki, Ermənistanın bu konfransda xarici işlər naziri səviyyəsində təmsil olunması gözlənilir. Lakin İrəvan tərəfi XİN başçısının konfransda iştirakına o halda razıdır ki, Bakıda həbsdə olan erməni diversantlar azad edilərək, onunla Ermənistana qayıtsınlar:
"Nikol Paşinyan buna nail olmaqla daxili auditoriyaya sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini gücləndirmək və ona qarşı təzyiqləri neytrallaşdırmaq istəyir. Amma separatçılarla bağlı məsələlər müzakirə predmeti deyil. Əslində, Bakıda həbsxanada olan separatçılar Paşinyana da lazım deyil. Ümumiyyətlə, Azərbaycan da onları azad etmək fikrindən uzaqdır. Rəsmi Bakı Ermənistanla danışıqlarda həbsdə olan diversantların bir neçəsini qarşı tərəfə verib. Bu məsələ Azərbaycan üçün problem sayılmır. Ermənistan tərəfi növbəti dəfə Bakıdan belə bir addım atmasını xahiş edə bilər. Azərbaycan da etimad mühitinin yaxşılaşdırılması və sülh müqaviləsi istiqamətində danışıqların müsbət yöndə irəliləyişi üçün humanitar addımı gözdən keçirər. Bunun üçün erməni diversantlar verilə bilər və rəsmi Bakının siyasi mövqeyi güclənər. Həmçinin Ermənistanla danışıqlarda Fransanın Azərbaycana qarşı siyasi təxribatları neytrallaşar. Paşinyan da cəmiyyətə göstərmək istəyir ki, Azərbaycan güzəştə gedir. Bu, Paşinyana hava və su kimi lazımdır".