Türkiyə jurnalistləri İrəvana gedəcəkmi?

Türkiyə jurnalistlərinin İrəvana dəvət edilməsində məqsəd var

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycandan ayrı tutmağa çalışır


  “Sülh qovşağı” layihəsi (nəqliyyat dəhlizləri ilə bağlı) ilə əlaqədar müzakirələr çərçivəsində türkiyəli jurnalistlərin Ermənistana səfəri planlaşdırılır. Bunu Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan deyib. O vurğulayıb ki, İrəvanda "sülh qovşağı"ilə bağlı bir neçə konfrans keçirilib: "Bu il və ya gələn ilin əvvəlində bütün regiondan müxtəlif ekspert dairələrinin nümayəndələrinin Ermənistanda toplanmasını planlaşdırırıq. Aktual mövzu “Sülh qovşağı” olmasa da, o da müzakirə olunacaq. Yaxın vaxtlarda İrandan Ermənistana 4 günlük ekspert səfərləri olacaq, burada da “Sülh qovşağı” müzakirə ediləcək. Biz həmçinin Türkiyənin bir sıra KİV nümayəndələrinin səfərini planlaşdırırıq, bu çərçivədə də “Sülh qovşağı” təqdim olunacaq”. 

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Baş nazir Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır: 
"Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar. Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsədi Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir". 

  E.Şahinoğlu qeyd edib ki, İrəvanın ikinci məqsədi Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətlərin normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır: 
"Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir".