Artıq tələbələr də təhsil aldıqları müddətdə alman dili kurslarına qatılaraq xaricdə işləməyə hazırlaşırlar
Son illər işləmək üçün Almaniyaya üz tutan həkimlərin sayı durmadan artmaqdadır. Son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayının 3 mini ötdüyü bildirilir.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçməsi, ölkədə həkim çatışmazlığı problemini daha da kəskinləşdirir. 2023-cü ilin statistikasına istinad edən ekspert deyib ki, son beş il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini keçib:
"Bu tendensiya tibb tələbələri arasında da yayılıb; onlar təhsil aldıqları müddətdə alman dili kurslarına qatılaraq xaricdə işləməyə hazırlaşırlar.
Azərbaycanda tibb təhsilinə olan maraq son illərdə xeyli artıb, lakin qəbul planının məhdud olması və xaricə köçən həkimlərin sayı səbəbindən ölkənin səhiyyə sistemində ciddi kadr çatışmazlığı yaranır. Bu vəziyyətin aradan qaldırılması üçün tibb təhsilinin daha geniş və əlçatan olması vacibdir. Hazırda Azərbaycan Tibb Universiteti ölkədə tibb təhsili üzrə aparıcı mərkəzdir, lakin qəbul yerlərinin azlığı səbəbindən hər il yüksək bal toplayan yüzlərlə abituriyent tibb sahəsinə daxil ola bilmir və başqa sahələrə yönəlmək məcburiyyətində qalır.
Ölkədə hər 1000 nəfərə 2,1 həkim düşməsi, Almaniyada isə bu rəqəmin 4,3 olması tibb təhsilinə qəbulun artırılmasının nə qədər zəruri olduğunu göstərir. Azərbaycan tibb təhsili üzrə digər ölkələrlə müqayisədə geri qalır. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər 1000 nəfərə düşən həkim sayında dünya ortalaması təxminən 3,5-dir. Bu isə Azərbaycanda tibb kadrlarının yetişdirilməsi və saxlanılmasının milli səhiyyə sisteminin dayanıqlığı üçün əsas olduğunu göstərir.
Bununla yanaşı, yüksəksəviyyəli mütəxəssislərin hazırlanması üçün tibb təhsilinin keyfiyyəti və müasir standartlara uyğun olması da vacibdir. Müasir tədris laboratoriyaları, klinik təcrübə imkanları, həmçinin beynəlxalq təlim və proqramlarla əməkdaşlıq vasitəsilə tələbələrin praktik bilikləri artırıla bilər. Əgər Azərbaycan Tibb Universiteti beynəlxalq səviyyədə tanınan kurslar və təlim proqramları ilə əməkdaşlığı genişləndirərsə, bu, tələbələrin daha keyfiyyətli təhsil almalarına və xaricə axının azalmasına səbəb ola bilər.
Bütün bu tədbirlər, qəbul planının artırılması və təhsil keyfiyyətinin yüksəldilməsi ilə birlikdə, Azərbaycanda tibb sahəsində mütəxəssis çatışmazlığını azaltmağa və milli səhiyyə sisteminin inkişafını dəstəkləməyə kömək edə bilər.
Belə bir vəziyyətdə tibb ixtisasına qəbul planının artırılması zərurəti ortaya çıxır. Hazırda 1300 qəbul yeri tibb sahəsində ölkənin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir və bu rəqəmin artırılması tələb olunur.
Qəbul planı artırılaraq yüksək bal toplayan tələbələrin tibb sahəsinə yönəldilməsi, ölkədə peşəkar kadr çatışmazlığının qarşısını almağa kömək edər və müasir tibb kadrlarının formalaşmasını təmin edər”.
“Çox təəssüf ki, Azərbaycandan gedən həkimlərin qarşısını ala bilmirik. Elə şərait yaratmalıyıq ki, həkim başqa ölkəyə getməsin, öz vətənində işləsin”.
Bu fikirləri isə həkim Aydın Əliyev deyib. Azərbaycandan həkimləri Avropaya aparan səbəblərin çox olduğunu vurğulayan həkim deyib ki, Tibb Universitetində oxuyan tələbə Azərbaycanda yaşayır və tibb işçilərinin və tanıdığı həkimlərin vəziyyətini görür. Bu dəqiqə internet, sosial şəbəkələr var. Almaniya, İngiltərə, Türkiyədəki həkimlərin vəziyyətini, onların aldığı maaşları müqayisə edir. Baxır ki, həkim Almaniyada 3 min avro alır, Azərbaycanda isə 450 manat. Bu maaşla normal olaraq bir gənc inkişaf edə bilməz. O isə inkişaf etmək istəyir. Baxır ki, alman dilini bilsə, rahat şəkildə orada işə düzələ bilər. Baxır, müqayisə edir və Azərbaycandan gedir”.
A.Əliyev bildirib ki, həkim-renginoloq Azərbaycanda bir gündə 120-140 xəstəyə baxır və onlardan ancaq 35-nin ödənişini ala bilir:
“Həkim gün ərzində təxminən 95 xəstəyə pulsuz baxır. Halbuki Azərbaycanın imkanları genişdir. Hazırda Azərbaycanda kadr böhranı var. Biz bunu illərlə desək də, artıq hiss olunacaq həddədir. Xəstəxanaların qarşısında görün nə qədər növbələr var. Niyə? Çünki kadr çatışmazlığı var. Xəstəxanaların maddi-texniki bazası zəifdir. Əksəriyyəti sovet dövründən qalıb. Əhalinin sayı isə sovet dövrünə nisbətən iki dəfə artıb. Problemlər bitmək bilmir. Çox təəssüflər olsun ki, Azərbaycanı tərk edənlərin çoxu savadlı tibb işçiləridir. Əgər tədbir görülməsə, bu böhran getdikcə dərinləşəcək”.