Fransa şübhəsiz ki, regionda öz təsirini göstərmək üçün məkrli planlar qurur
Son bir aya qədər Ermənistan rəsmiləri sülh müqaviləsinin razılaşdırılan bəndləri üzrə müqaviləni imzalamağa hazır olduqlarını bəyan edirdilər. Bu müqavilənin də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının – (COP29) Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində imzalanacağına dair fon yaratmışdılar. Bəs nə oldu? Bakının ev sahibliyi ilə yüksək səviyyədə start götürən COP29 tədbirləri davam etdirilir. Dünyanın 196 ölkəsindən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların içərisində bir nəfər də olsun Ermənistan təmsilçisi yoxdur. Azərbaycanın rəsmi dəvətinə rəğmən nə Baş nazir Nikol Paşinyan, nə də digər dövlət rəsmiləri COP29 sammitində iştirak etmir. Maraqlıdır, yarımçıq sülhü tez-tələsik imzalamaq üçün canfəşanlıq edən Ermənistan birdən- birə niyə “üç meymun”u oynamağa başlayıb.
Çox güman ki, Ermənistan Azərbaycanın COP29 sammitinə bu qədər möhtəşəm səviyyədə ev sahibliyi edəcəyini, bütün dünya ölkələrinin diqqətini və rəğbətini qazanacağını gözləmirmiş. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəni gözü götürməyən, beynəlxalq kürsülərdə anti-Azərbaycan kampaniyası aparan qüvvələrin boykot çağırışlarının nəticə verəcəyinə inanırmış. Məhz bu səbəbdən də tez-tez sülhə yönəlik açıqlamalarla dünyanı da “sülh qaranquşu” olduğuna inandırmaq istəyirmiş. Lakin COP-a gəlməyərək özünün və rəhbərlik etdiyi ölkəsinin nə qədər qeyri-ciddi olduğunu dünyaya nümayiş etdirdi.
Paşinyanın COP29 sammitində iştirakı Sülh sazişinin imzalanması ilə nəticələnməsə də, sülh danışıqlarında müsbət irəliləyişlərə dair bir nikbinlik yarada bilərdi. COP-a gəlməməklə ciddi etimadsızlıq mühiti yaratdılar.
Siyasi şərhçi Tural İrfan isə “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan COP29-da iştirak etməməklə özünə ziyan vurdu. Bu tədbirdə iştirak etməklə sülhə bir addım daha yaxınlaşmış olacaqdı:
“Şübhəsiz ki, Ermənistan həm sülhdən danışır, həm də silahlanır, Fransa və Hindistan kimi dövlətlərdən ağır silahlar alır, onların agentura şəbəkəsini Azərbaycan ilə sərhəddə gətirir və s. Sülhə meyilli obraz yaradaraq altdan iş görür, havadarlarının təhriki ilə silahlanır. Ancaq buna baxmayaraq, Azərbaycan tərəfi də Ermənistanı sülhə məcbur edəcək. Daha doğrusu, ölkəmizin dövlət siyasəti Ermənistanı vadar edəcək ki, özü istəməsə də ram olsun. Şübhəsiz ki, 2025-ci ildə sülh müqaviləsinin imzalanması ehtimalı böyükdür. Fransanın və başqa havadarlarının Ermənistanı gərginlik yaratmağa sürükləməsinə, silahlandırmasına baxmayaraq, Türkiyə və Azərbaycanın diplomatik səyləri nəticəsində Qərbin savaş planı baş tutmayacaq və inanıram ki, sülh olacaq. Ermənistan Qərblə də ikili oyun oynayır. Əsasən Fransa başda olmaqla bəzi təhrikçilər Ermənistanda müəyyən qüvvələri, hətta Paşinyan hökumətini şantaj etmək üçün istifadə edir. Ötən aylardakı keşiş üsyanı da bu qəbildən idi. Ermənistanı Türkiyə və Azərbaycana qarşı təhdid rolunda istifadə etmək niyyətində olan Fransa şübhəsiz ki, regionda öz təsirini göstərmək üçün məkrli planlar qurur. Fəqət bütün bu təzyiqlərə, təsirlərə baxmayaraq, gələn il sülh danışıqlarının müsbət nəticələnərək qərar qəbul edilməsi labüddür. Əks halda Ermənistan nə qədər silahlansa belə, onun üçün müharibə intihara bərabərdir”.
T.İrfan hesab edir ki, Ermənistan məğlub ölkə kimi müəyyən qədər söz sahibi olmaq, maraqlarını danışıqlar masasında həyata keçirmək məqsədilə silahlanmağa davam edir:
“Ancaq bu da Ermənistan üçün növbəti təhlükə ocağı obrazı yaradır ki, Türkiyə və Azərbaycan üçün bu silahlanma qəbuledilməzdir. COP29-da Ermənistanın iştirak etməməsi şübhəsiz ki, Fransa, İran kimi dostlarının da maraqlarına xidmət edirdi. Lakin buna baxmayaraq, sülh danışıqları daha ciddi məsələ olduğu üçün Ermənistan bundan yayına bilməz. Ələlxüsus da bu məsələdə artıq müəyyən bir mərhələyə gəlinib”.