İtkin düşmüş şəxslərin probleminə diqqət artacaq- RƏY

“Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, artıq həqiqətləri yalanla ört-basdır etmək mümkünsüzdür”


“İtkin düşmüş şəxslər” adlı qətnamə ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edilib və qətnamə hər iki ildən bir irəli sürülür”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnaməni konsensusla qəbul etməsini şərh edərkən bildirib. 

O söyləyib ki, “İtkin düşmüş şəxslər” adlı qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir:
“BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnaməni konsensusla qəbul edilməsi dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsinin bariz nümunəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, ötən ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi  beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerinin və mövqeyinin möhkəmlənməsində, söz sahibliyinin artmasında əhəmiyyətli rol oynayır. Günümüzün əsas reallıqlarından biri budur ki, ölkəmizə beynəlxalq dəstək yüksək səviyyədədir. Azərbaycanın sözü imzası qədər dəyərlidir. Sözügedən qətnamənin qəbulu bu baxımdan özündə mühüm məqamları ehtiva edir”.

Parlamentari bildirib ki, son vaxtlar dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur:

“Şübhəsiz bu kimi sənədlərin qəbulu dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınmasına, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırışdır. Təqdirəlayiq haldır ki, builki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. Bu qalıqların axtarışı üçün əməkdaşlıq çağırışları da da sözügedən qətnamədə xüsusi yer alıb”.

Deputat vurğulayıb ki, Ermənistanın zaman-zaman himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiklərini, 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə  törətdiyi hərbi təxribatları, günahsız insanların ölümünə səbəb olan vəhşiliklərini xatırlatmaq istərdik:

“Ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımı aktları amansızlıqla aparılıb. İşğalçı Ermənistan ordusu hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetiriblər. Azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar ermənilərin vandal tayfa kimi vəhşiliklərini və Ermənistan tərəfindən beynəlxlaq humantar hüququn pozulmasını bir daha sübut edir. Azərbaycan ərazilərinə basdırılan minalar da  insan hüquqlarının  kobud pozulmasıdır. Beynəlxalq hüquq məfhumundan xəbərsiz olan Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, artıq həqiqətləri yalanla ört-basdır etmək mümkünsüzdür”.