"Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidirlər".
Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, orta təhsil müəssisələrində psixoloqların xidməti, kadr çatışmazlığı məsələsi gündəmə gətirilir:
"Psixoloqlar məktəblərə şagird sayına görə qəbul oluna bilər. Lakin burada əsas məsələ peşəkarlıq və stimullaşdırıcı addımların atılmasıdır".
Sosioloq Lalə Mehralı "Sherg.az"a söyləyib ki, deputatın təklifi təqdirəlayiqdir:
"Çünki məktəbdə psixoloqların fəaliyyəti göz qabağındadır. Onların əksəriyyəti heç bir iş görmür. Hətta onların bəzisi tapşırıqla işə qəbul olunub. Nəzərə almaq lazımdır ki, məktəb strateji yerdir. Orada uşaqların biliyi ilə yanaşı, psixoloji sağlamlıqları qorunmalıdır. Lakin məktəb psixoloqlarının psixoloji dəstək göstərdiklərinin demək olar ki, heç bir nümunəsi yoxdur. Ona görə də məktəb psixoloqlarından bütün ictimaiyyət narazıdır. Çünki məktəblərdə baş verən bıcaqlanma, zərər vermə, bullinq hallarına qarşı psixoloqlar heç bir tədbir görmürlər. Bu səbəbdən işi həqiqətən bilən şəxslərin vəzifəyə gətirilməsi daha məqsədəuyğundur. Peşəkar məktəb psixoloqlarının sayəsində potensial cinayyətkar ola biləcək adamları müəyyənləşdirmək və əvvəlcədən tədbir görmək olar. Amma hazırda prosses düzgün tənzimlənmədiyi üçün məktəbə uyğun olmayan hadisələr baş verir. Bir sözlə, işinin peşəkarı olan psixoloqların sertifikasiya vasitəsi ilə məktəblərə cəlb edilməsi daha ədalətli yanaşmadır".