Prezidentin qətiyyətli bəyanları, verdiyi mesajlar aydın və qətidir
Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ təmin olunmayanadək Qarabağ ermənilərinin Azərbaycana qayıtmaq məsələsi gündəliyə gətirilməyəcək
Prezident İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda I beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib: "1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıb. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb və Ermənistan monoetnik dövlətə çevrilib. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi-tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESKO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub". Ölkə rəhbəri diqqət çəkib ki, bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və islam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalıb: "Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənistan bununla da kifayətlənməyib, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal edib, etnik təmizləmə törədib, şəhər və kəndləri dağıdıb, talan edib, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirib". Prezident vurğulayıb ki, Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmayıb, haqq səsini dünyaya çatdırmağa çalışıb: "2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir. Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir".
Dövlət başçısı qeyd edib ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: "Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktik addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESKO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir".
Ölkə başçısı bəyan edib ki, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir: "Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək. Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək".
Prezidentin mesajlarını dəyərləndirən siyasi şərhçi Abutalıb Səmədov "Sherg.az"a deyib ki, ötən əsrdə Ermənistanda yaşayan azərbaycanlılar bir neçə dəfə zorakı köçürülməyə məruz qalıblar. Son köçürülmə xüsusi vəhşiliklə həyata keçirilib və çoxumuz bunun şahidiyik. Ekspert bildirib ki, həmin vəhşiliyə məruz qalan insanlar ilk gündən geri qayıtmaq, öz dədə-baba yurdlarında yaşamaq istədiklərini açıqca bəyan edirlər:
"Ermənilər Azərbaycan türklərinin izlərini silmək üçün hər cür vandallığa əl atıblar. Məzarlıqlarımızı dağıdıblar, abidələrimizi yox ediblər, adları dəyişiblər. Bu azmış kimi həyasızcasına bizi "etnik təmizləmə"də, "irqi ayrı-seçkilik"də ittiham etməyə başlayıblar. Hətta beynəlxalq məhkəmələrə də müraciətlər ediblər. Ermənistanın uydurma hay-küyünə tezliklə reaksiya verilsə də, rəsmi Bakının haqlı müraciətinə isə hələ də baxılmayıb. Ermənilər iddia edirlər ki, guya həmvətənlərimiz öz evlərini könüllü tərk ediblər. Yaxın dönəmdə baş vermiş hadisələrin şahidləri həyatdadır və deportasiyanı, törədilən vəhşilikləri, cinayətləri yaxşı xatırlayırlar. Ermənistan bu məsələnin üstünü ört-basdır etməyə, paralel olaraq Qarabağdan könüllü köçüb getmiş ermənilərin "geri qayıtmaq hüququ"ndan dəm vururlar. Azərbaycan dövləti Qarabağdan könüllü gedən ermənilərlə bağlı öz mövqeyini dəfələrlə açıqlayıb".
A.Səmədov təəssüflə vurğulayıb ki, ədalətsiz qurumlar, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr Qarabağ ermənilərinin geri qayıtmaq hüququnu qabardır, önə çəkir, Qərbi azərbaycanlılarla bu məsələnin fərqli olduğunu iddia edirlər:
"Cənab Prezidentin qətiyyətli bəyanları, verdiyi mesajlar da göstərir ki, Azərbaycan bu məsələdə əsla güzəştə getməyəcək. Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ təmin olunmayanadək Qarabağ ermənilərinin Azərbaycana qayıtmaq məsələsi gündəliyə gətirilməyəcək. Bu məsələlər paralel şəkildə həll oluna bilər. Dövlət başçısının qəti mövqeyi, real addımlar, Qərbi Azərbaycan İcmasının fəallığı həmvətənlərimizin öz dədə-baba yurdlarına qayıtmasını təmin edəcək".