Nəticə nə oldu?
Ermənistanda Rusiyadan sonra oxşar prosesi Hindistan, Avropa İttifaqı və ABŞ həyata keçirir
Ermənistana silah yardımı intensivləşib. Fransa və Hindistanın ardınca indi də Yunanıstanın Ermənistana S-300 raket komplekslərini göndərəcəyi deyilir. Ermənistanda revanşizm əhvali-ruhiyyəsinin olması sirr deyil. Fransa, Hindistan, İran, Yunanıstan kimi ölkələrin Ermənistanı silahlandırması fonunda isə bu proses daha da dərinləşir. İşğalçı kimi tanınmış Ermənistanın yenidən silahlandırılması birbaşa olaraq işğalçılığın dəstəklənməsidir. Bu addım Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbədir. Görünür, Ermənistan özü də kütləvi silahlanmaya can atmaqla yeni müharibə ocağı yaratmağa çalışır. Həmçinin İrəvan bununla Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını sübut edir. Halbuki Azərbaycan müharibə istəmir, dayanıqlı və ədalətli sülh müqaviləsi imzalamaq üçün bütün resursları işə salıb. Belə olduğu halda Ermənistanın aşırı silahlanması, hərbi xərcləri durmadan artırması sülh istəyindən yox, pis niyyətlərdən xəbər verir. Əfsuslar ki, Paşinyan hakimiyyəti qərəzli Qərb və Avropa dairələrinin, Azərbaycana düşmənçilik siyasəti yürüdən ölkələrin diktəsi ilə hərəkət etməkdədir.
Azərbaycan Demokrat Partiyasının sədr müavini, siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, regionda nəzarətsiz silahlanma təkcə Azərbaycanın deyil, bütün bölgə ölkələri üçün yaxşı bir şey vəd etmir. Ekspertin sözlərinə görə, ilk növbədə isə bu cür silahlandırılma məhz erməni xalqının gələcəkdə yeni müharibələrə cəlb olunması riski yaradır:
"Ermənistanı uzun müddət Rusiya silahlandırdı. Nəticə nə oldu? Erməniləri qeyri-real hədəflərə həvəsləndirərək həm regionda uzunmüddətli qeyri-sabitliyə nail oldular, həm də çoxsaylı insan tələfatına səbəb oldular. Bununla imperiya ambisiyalarını təmin etməyə cəhd etdilər. Oxşar prosesi hazırda Hindistan, Avropa İttifaqı və ABŞ həyata keçirir. Erməni xalqı başa düşməlidir ki, onlara verilən silahlar xalqın müdafiəsi üçün verilmir, geosiyasi maraqların təmin olunması üçün verilir. Əgər bu silahlar işə düşərsə, İrəvanda yeni əsgər qəbiristanlıqları əmələ gələcək. Azərbaycanın və hərbi müttəfiqi olan Türkiyənin də bu vəziyyətə çox dözməsi qeyri-mümkündür. Yəqin ki, hansısa formada bu prosesə adekvat cavab addımları atılacaq. Ən doğru yol isə silahlanmanın durdurulması, Ermənistanın regionu yeni münaqişə poliqonuna çevirmək cəhdlərindən imtina etməsi olardı".