Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir:
"Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb".
Nazir həmçinin xatırladıb ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur:
"Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 1 ay əvvəlki müsahibəsində ilin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəyini bildirib.
Azərbaycan-Ermənistan arasındakı sülh proseslərini "Sherg.az"a dəyərləndirən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması sahəsində artıq kifayət qədər iş görülüb:
"Dörd ildən çoxdur ki, İkinci Qarabağ müharibəsi sona çatıb və Azərbaycanın təşəbbüsü ilə 2021-ci ilin əvvəlindən sülh istiqamətində müzakirələr başlanıb. Bu müddət ərzində Azərbaycan, sərt və yumşaq diplomatiya metodlarından istifadə edərək, Ermənistanla bir sıra mühüm uğurlar əldə edib. Bu uğurlar arasında, Ermənistanın iştirakı olmadan, ilk dəfə olaraq bəyanatların verilməsi və problemlərin müzakirə edilməsi yer alır. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiya prosesi başlanıb və 12,7 km məsafədə bu proses həyata keçirilib. Azərbaycanın dörd kəndinin yenidən nəzarətə alınması isə Ermənistanın razılığı ilə baş verib. Bütün bu nailiyyətlər Azərbaycanın israrlı mövqeyi və Ermənistana göstərilən təzyiqlər nəticəsində mümkün olub. Ermənistan, bu prosesi dəfələrlə heç bir əsas olmadan uzatmağa çalışsa da, müzakirələr davam edib. Ermənistanın sülhə yönəlik bəyanatları və rəsmi şəxslərinin beynəlxalq ictimaiyyətə sülh istədiklərini göstərən addımları yalnız görüntüdən ibarətdir. Əslində isə, bu addımların arxasında başqa niyyətlər dayanır.
Biz bilirik ki, 17 maddədən ibarət sülh müqaviləsinin preambulası və 15 maddəsi üzrə razılığa gəlinib, amma qalan iki maddə ilə bağlı Ermənistan ya razılaşmaq istəmir, ya da yalnız bəzi şərtlərlə razılaşmağa çalışır. Bu isə bəzi maddələrin daha əhəmiyyətli, digərlərinin isə əhəmiyyətsiz olduğu təəssüratını yaradır. Halbuki, sülh müqaviləsinin hər bir bəndi tam şəkildə razılaşdırılmalıdır. Əgər razılıq əldə olunmazsa, bu, sazişin imzalanmasını qeyri-mümkün edir".
Ekspert əlavə edib ki, sülh müqaviləsi üzrə bütün məsələlər razılaşdırılsa belə, Ermənistan, əgər sülh müqaviləsinin nəzərdə tutduğu konstitusiya dəyişikliklərini həyata keçirmək niyyətində deyilsə və öz konstitusiyasının preambula hissəsinə, həmçinin SSRİ-nin dağılmasından sonra qəbul etdiyi müstəqillik bəyannaməsinə istinad edirsə - bu bəyannamə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir - o zaman sülh müqaviləsinin imzalanması qəti şəkildə mümkünsüz olur:
"Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi və ATƏT-in Minsk Qrupunun artıq mövcud olmayan bir institut olaraq rəsmi ləğvini qəbul etməməsi də bu mövqeyin davam etdiyini göstərir. Həmçinin, Ermənistanın silahlanma prosesini davam etdirməsi və uzaqmənzilli silah sistemləri əldə etməsi onun sülhə deyil, növbəti revanşist müharibəyə hazırlaşdığını ortaya qoyur. Belə bir dövlətlə sülh müqaviləsinin imzalanması hazırkı perspektivdə real görünmür. Mən düşünmürəm ki, ilin sonuna qədər bu məsələ həllini tapsın. Ermənistanın revanşist mövqeyi davam etdikcə, sülh sazişi ilə bağlı danışıqlar dalana dirənməyə davam edəcək".