Rusiya günahını etiraf etmək istəsəydi, indiyə qədər susmazdı -ŞƏRH

Çümə axşamı günü hakimiyyətə yaxın mənbələrdə AZAL təyyarəsinin Rusiya səması üzərində vurulması iddiaları səsləndikdən sonra bu, yerli medianın əsas müzakirə mövzusu olub. Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak ollub, 20-dən çox yaralı var. Qəza baş verəndən sonra təyyarənin qəza anı, salonun içi və sağ qalan quyruq hissələrinin görüntüləri sosial mediada yayılıb. Quyruqda olan dəliklər xüsusilə diqqəti çəkib və qəzanın baş vermə səbəbinin təyyarənin Rusiya hava məkanında vurulması ehtimalını ortaya çıxarıb.
Rusiya sərnişin təyyarəsinin qəzaya uğraması barədə "fərziyyələr"in irəli sürülməsinə dair xəbərdarlıq edib. Kreml sözçüsü Dmitri Peskov məsləhət görüb ki, qəza ilə bağlı istintaqın nəticəsini gözləsinlər. Bu xəbərdarlığa baxmayaraq, Azərbaycanda hakimiyyətə yaxın mediada təyyarə qəzası məhz bu versiya üzərində müzakirə edilərək Rusiyanın təyyarənin vurulmasını etiraf edərək üzr istəməsi çağrışları səslənib.

Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Rusiya səmalarında uçuş etməyin nə qədər təhlükəli olduğunu AZAL-ın keçirdiyi təyyarə hadisəsi bir daha sübuta yetirdi:

“Ukrayna-Rusiya müharibəsinin əvvəllərindən Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsinin düşürülməsindən sonra Moskva bütün günahları Kiyev üzərinə atmağa çalışsa da, bütün dünya təyyarənin Rusiya müdafiə sistemi vasitəsilə vurulduğuna inanırdı. Amma Azərbaycan Hava Yollarına aid təyyarənin vurulması Rusiyanın əsil günahkar olduğunu ortaya qoydu. Təyyarənin pilotunun dəfələrlə eniş istəməsinə rəğmən rəd cavabı alması cinayət sayılır. Bütün bunlar Azərbaycanın Rusiya ilə münasibətlərini yenidən gözdən keçirməyə qədər gətirib çıxara bilər. Çünki dünya praktikasında hansısa ölkə başqa dövlətə qarşı qəsdən olmadığı halda hər hansı hərəkət etdiyi zaman dərhal üzr istəyir və təzminatını ödəyir. Amma Rusiya bunu etmir və zaman qazanmaqla ictimai rəyin zəifləyəcəyini düşünür. İctimai rəy zəiflədikdən sonra isə Rusiya Qazaxıstan hökümətiylə əlaqəyə keçərək qəzanın nəticələrini araşdıran ekspert qrupuna təzyiq göstərərək texniki və ya təbii hadisələr səbəbindən baş verdiyini ortaya ataraq günahdan boyun qaçıracaq. Əgər Rusiya günahını etiraf etmək istəsəydi, indiyə qədər susmazdı. Hadisədən üç gün keçir və Rusiyadan heç bir etiraf, üzr görməmişik. Bizə birbaşa Rusiyanın üzr istəməsi və təzminatı lazımdır. Ona görə də Azərbaycan höküməti Çeçenistanın yardımından imtina etdi və Rusiyanın cavabını gözləyir. Görünən odur ki, Rusiya heç nəyi etiraf etməyəcək. Çünki bu digər ölkələrin hava yolları şirkətlərinin Rusiyaya gəlməsinə əngəl törədə və rəsmi Moskvanın milyardlarla pul itirməsinə, dünyaya bağlanmasına səbəb olar”.