İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla əlaqədar tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir: “İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq”.
Bəqayi əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla əlaqədar İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək: “Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.
Türkiyəli tarixçi-alim, 19 May Universitetinin professoru İbrahim Tellioğlu "Sherg.az"a deyib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın qazandığı zəfər Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs sazişi ilə yekunlaşıb:
"Bu sazişin doqquzuncu maddəsinə əsasən, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat yollarının açılması qərara alınıb. Beləliklə, Ermənistan, Azərbaycan ilə Naxçıvan arasında yol əlaqələrinin təhlükəsizliyini təmin edəcəyini bəyan edib. Həmin maddədə yeni nəqliyyat bağlantılarının tikintisinin başlanacağı da bildirilib və bununla da Zəngəzur dəhlizinin açılması qərara alınıb. Bu yol Cənubi Qafqazın ticarət əhəmiyyətini və tranzit dəyərini artıracaq bir layihədir. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasında quru yolu əlaqəsini də təmin edəcək. Daha geniş miqyasda götürüldükdə, dəhliz, Türkiyə ilə Türk dünyasını quru yolu vasitəsilə birləşdirəcək bir addımdır. Rəsmi Ankara sözügedən məsələlərə görə layihənin reallaşmasına böyük əhəmiyyət verir və Azərbaycanın bu istiqamətdəki təşəbbüslərini dəstəkləyir. R.T Ərdoğanın ifadəsinə görə, bu yolun açılması bölgə ölkələri arasında əməkdaşlığı artıracaq. Yəni yalnız Türkiyə və Azərbaycan deyil, həm də Ermənistan və İran bu layihədən fayda götürəcək. Paşinyan hökuməti isə Zəngəzur dəhlizi ilə bağlı imzaladığı razılaşmanın şərtlərini yerinə yetirməkdə mürəkkəb bir mövqe sərgiləyir. Bir tərəfdən, Rusiyanın təzyiqi ilə öhdəliklərini yerinə yetirəcəyini bildirir, digər tərəfdən isə işi gecikdirərək Zəngəzur dəhlizinin reallaşmasını uzatmağa çalışır. Məncə, bu davranışın əsas səbəbi diasporanın təzyiqləridir. Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq cəhdi diasporanı narahat edir".
İbrahim Tellioğlu əlavə edib ki, Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldiyi vaxtdan etibarən İran bu layihəyə qarşı məsafəli mövqe tutub:
"Bu mövqeyi ortaya qoyarkən İran, yolun açılması ilə Cənubi Qafqazın geosiyasi vəziyyətinin dəyişə biləcəyindən narahat olduğunu və Ermənistan ilə quru əlaqələrinin kəsilə biləcəyini iddia edib. Rəsmi Tehran, layihəni dəstəkləyən Rusiyanı isə Azərbaycanın tərəfini saxlamaqda ittiham edərək, alternativ yolların açılmasını və hətta İran üzərindən yeni bir xəttin qurulmasını təklif edib. Lakin indi vəziyyət bir qədər dəyişib. İranda prezident seçkilərindən sonra hakimiyyətə gələn Pezeşkiyan ölkənin mövcud vəziyyətini nəzərə alaraq yeni xarici siyasət formalaşdırmağa çalışır. Bu siyasətin ilk məqsədlərindən biri Azərbaycan ilə əlaqələri ən yüksək səviyyəyə qaldırmaqdır. Suriyadakı mövcud vəziyyət İranı bölgədə bir qədər daha təcrid vəziyyətinə salıb. Belə olan halda, İran qonşu ölkələrlə əməkdaşlığını artırmağın yeganə çıxış yolu olduğunu görür. Bu səbəbdən, rəsmi Tehran indiyə qədər qarşı çıxdığı Zəngəzur dəhlizinin açılması məsələsində dirənməyin maraqlarına uyğun olmadığını anlayıb. Zəngəzur dəhlizinin açılması ilə İran yenidən bölgə siyasətində qazanan tərəflər arasında yer ala bilər".