"40-cı meridianla getsək, düz Məkkənin üstünə çıxarıq"
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası hicri-qəməri təqvimiylə Məhərrəm ayının başlanğıcını miladi təqvimlə 16 iyun qərar verib. Aşura mərasimi isə 25 iyunda keçiriləcək. Lakin sosial şəbəkələrdə yenə də fərqli tarixlər açıqlanır. İqamətgahı İraqda yerləşən, islam aləminin mərcəi-təqlidi hesab edilən, ayətullah-üzma Seyid Əli Sistaninin məhərrəm ayının sabah – iyunun 17-si başlanacağını elan etdiyi bildirilir.
Məlumata görə, məhrrəm ayının hilalı hələ görünməyib. İslam ölkələrində ayların başlanıb bitmə vaxtlarının fərqli zamanlarda elan edildiyi bəlli məsələdir. Buna görə Ramazan, Qurban bayramları fərqli günlərdə qeyd edilir. Hər bir dini hövzə öz yanaşma tərzindən çıxış edir. Ola bilsin ölkələr arasındakı coğrafi yerləşmənin də buna təsiri vardır. Məsələ ölkəmizdə bununla bağlı fikir ayrılıqlarının yaranmadıdır ki, heç də xoş olmayan ovqat yaradır. Sual olunur, Səudiyyə Ərəbistanında və ya İraqda təzə ayın görünməməsinin bizə nə dərəcədə aidiyyəti var? 
AMEA Coğrafiya İnstitutunun şöbə müdürü, ekoloq Ənvər Əliyev “Sherg.az”a bildirdi ki, Azərbaycan coğrafi baxımdan Səudiyyə Ərəbistanı, həmçinin İraqla eyni meridianda yerləşir. Lakin ərazilərdə nöqtə fərqləri ola bilər:
- Bakı və Məkkə, həmçinin Bağdad da 40-cı meridianın üzərindədir. Bu məsələdə ziddiyyət yoxdur. Biz 40-cı meridianla hərəkət etsək, gedib düz Məkkənin üstünə çıxarıq. Amma ərazi məsələsi var axı. Səudiyyə ərazisi çox genişdir, İraq da geniş əraziyə malik ölkədir. Ola bilər hansısa ərazidə saat qurşaqlarında fərqlər olsun. Əsas problem ondan ibarətdir ki elə vəziyyət yaranar, ay görünməz. Buludlu havadırsa, aydınlıq deyilsə, ay görünməyəcək. 1-2 dərəcə meridian istiqaməti fərqli ola bilər. Məsələn, ölkəmzidə günbatanda hava buludludur, ay görünmür. Amma sabah görsək ki ay artıq 2 günlükdür, bəz bunun məsuliyyəti kimin üzərində qalacaq? Bunu deyim ki, niyyəti dürüst insanlar səhv etmirlər. Etsələr də bağışlanır. Azərbaycanın şərqi ilə qərbində bəzən fərqli görüntülər olur. Amma sizə deyim ki, 5-6 saatdan sonra dəqiq bilinəcək, ay görünür, ya yox.